Daxili İşlər Nazirliyi Lənkəranda baş verən qəza ilə bağlı növbəti məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, avqustun 28-də saat 18:40-da Lənkəran şəhər-rayon polis şöbəsinə rayonun Bəliton kənd sakini Ələmdar Ağayevin idarə etdiyi PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə baş vermiş əraziyə yollanıb.
Müəyyən olunub ki, sürücü hadisə zamanı dünyasını dəyişib. Şöbə əməkdaşlarının fəal iştirakı ilə avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil olunub.
Hazırda onlardan 10 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə tibbi yardımdan sonra evə buraxılıb.
Hadisəyə yoxuşu qalxarkən avtobusda qəfil yaranmış texniki nasazlıq səbəbindən sürücünün idarəetməni itirməsi ehtimal olunur.
***
13:18
Daxili İşlər Nazirliyi Lənkəranda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə avqustun 28-də saat 19 radələrində Lənkəran rayonunun Baliton kəndi ərazisində baş verib.
Kənd sakini Ə.Ağayev idarə etdiyi “PAZ” markalı avtobusu aşırıb.
Nəticədə sürücü hadisə yerində ölüb, həmkəndliləri olan 23 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsində araşdırma aparılır.