Bakıda musiqi məktəbinin direktorunu şantajla pul tələb etməkdə təqsirləndirilən Rafiq Aslanov və Namiq Baxşalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, hər iki şəxsin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, hakim İlham Mahmudovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 26-na təyin olunub.
Qeyd edək ki, Rafiq Aslanov və Namiq Baxşalıyev Binəqədi rayonu ərazisində fəaliyyət göstərən musiqi məktəbinin direktoru Samirə Məmmədovaya (ad və soyad şərti verilib - red.) hədə-qorxu gəliblər.
Onlar Samirə Məmmədovadan 25 min manat verməsini tələb ediblər, əks halda onun barəsində rusvayedici məlumatlar yayacaqları ilə hədə-qorxu gəliblər.
Samirə Məmmədovanın hüquq-mühafizə orqanlarına şikayət etməsindən sonra hər iki şəxs həbs edilib.
İstintaq orqanı tərəfindən Rafiq Aslanov və Namiq Baxşalıyevin barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, mühakimə olunan şəxslərin hər ikisi musiqi müəllimidirlər.