25 Sentyabr 2019 14:41
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov, onun dəstə üzvləri Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Saleh Rüstəmovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi həmin məcəllənin 234.1-ci maddəyə tövsif olunub. Onun cəzası 2 ay azaldılıb.

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb.

Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olub.

Baş Prokurorluğun yaydığı məlumata görə, prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb.

Belə ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparıb.

Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V.Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallışdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunub.

Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiq olunub, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib.

İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər