15 Fevral 16:41
356

Bakıda oğurluq və soyğunçuluq cinayətlərinin üstünün açılması istiqamətində əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Pİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Nəhmətovanın içərisində pulu, sənəd və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri E.Qafarov və S.Hidayətov saxlanılıblar.

Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 mağazadan pul, 9 ədəd mobil telefon və yaddaş kartları oğurlaması müəyyən edilib.

Daha bir əməliyyat Binəqədi rayonunda keçirilib.

Fevralın 14-də saat 2 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindən Müşfiqabad qəsəbə sakini S.Əhmədova məxsus “Zil” markalı avtomobilin qaçırılması barədə 40-cı Polis Bölməsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qobustan rayon sakinləri Y.Ağayev və Q.Qədirov qeyd edilən avtomobillə birgə BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və aidiyyəti üzrə təhvil veriliblər.

Bundan başqa, fevralın 13-də saat 22 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Bakı şəhər sakini İ.Tağızadəyə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, ƏÇPA və 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Kərimov qeyd edilən avtomobillə birgə saxlanılıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev, əvvəllər məhkum olunmuş M.Əliyev və Masallı rayon sakini S.Əsədov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov