Bakının Nəsimi rayonunda oğurluq hadisəsi törədən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Məmmədxanlı fevralın 18-də R.Məmmədov küçəsindən “Toyota Prado” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi və Göyçay rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini H.İsmayılov Göyçay rayonu ərazisində saxlanılıb.
Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş K.Nəcəfovun ətrafında Binəqədi rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 4 avtomobildən pul və məişət əşyaları oğurlaması müəyyən edilib.
43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisindəki 5 həyətyanı sahədən su sayğacı, nasos və çən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Salamov saxlanılıb.
Daha bir əməliyyat Nərimanov rayonunda keçirilib.
Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini M.Mustafayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 905 qram heroin aşkar edilərək götürülüb.
16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Nərimanov rayon ərazisindəki evlərin birindən 1500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.