Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Masallı rayonunda baş vermiş qətllə bağlı birgə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, birgə məlumatda deyilir:
"Fevralın 26-da saat 13 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva və qardaşı 1995-ci il təvəllüdlü Miralim Nəbiyevin evdə meyitlərinin aşkar olunması, onların anası 1977-ci il təvəllüdlü Zenfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 1988-ci il təvəllüdlü Sərvan Ağayevinodlu silah yaraları ilə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmişdir.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əvvəllər məhkum olunmuş Sərvan Ağayevin yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədi ilə ora gəlmiş keçmiş həyat yoldaşı Alimə Nəbiyeva, qaynanası Zemfira Nəbiyeva və qaynı Miralim Nəbiyevə ov tüfəngindən açdığı atəşlər nəticəsində Alimə və Miralim hadisə yerində ölmüş, Zenfira Nəbiyeva isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, hadisə yerindən təxminən 2 km kənarda isə Sərvan Ağayev odlu silahdan yetirilməyə xarakterik xəsarətlərlə aşkar edilərək rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılmışdır.
Hadisə yerinə baxış zamanı 2 ədəd nömrələri silinmiş ov tüfəngləri, xeyli sаydа patronlar və boş gilizlər aşkar edilərək götürülmüş, iş üzrə zəruri ekspertizalar təyin edilmiş, eləcə də digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmış, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir".
17:08
Bu gün Masallı rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Təzəkənd kəndində qətlə yetirilən şəxslərin adları məlum olub. Belə ki, kənd sakini Ağayev Sərxan Azayxan oğlu avtomatla yaşadığı evin həyətində həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını qaynı, 1995-ci il təvəllüdlü Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. O, daha sonra avtomatla öz sifət nahiyəsinə atəş açıb. Miralim və Alimə aldıqları xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada keçiniblər. Sarvan Ağayevin vəziyyətinin kritik olduğu və yaşamaq şansının olmadığı, Zemfira Nəbiyevanın vəziyyətinin isə ağır olduğu bildirilib.
İlkin araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl A.Nəbiyeva S.Ağayevdən boşanmaqla bağlı məhkəməyə müraciət edib və uşağa görə aliment kəsilib. Bu gün isə gəlinin ailə üzvləri onun cehizini aparmaq üçün Sarvangilin həyətinə gəlib. Bu zaman S.Ağayev avtomatla atəş açmağa başlayıb və dəhşətli hadisə baş verib.
Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi digər məlumata görə, hadisəni törədən S.Ağayev daha əvvəl məhkumluq həyatı yaşayıb. Belə ki, o, Alimə Nəbiyevanı zorladığı üçün barəsində Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə iş açılıb və 9 il müddətinə həbs edilib. 6 il həbsxanada qalandan sonra Sarvan Ağayev azadlığa çıxıb və Alimə ilə evlənib. Lakin bundan sonra da, onların arasında münasibətlər düzəlməyib.