Bakının Xətai rayonunda qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə, onu intim görüntüləri ilə şantaj etməkdə təqsirli bilinən Rəşad Zeynalovun barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatı təmin olunub.
Rəşad Zeynalovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Bakı şəhər sakini Səlimə Xudaverdiyeva (ad və soyad şərti verilib – red.) sosial şəbəkədə Rəşad adlı oğlanla tanış olub.
Daha sonra onların isti münasibətləri yaranıb.
Bundan sonra Rəşad Səlimə ilə bir neçə dəfə intim əlaqədə olub.
İntim əlaqədə olan zaman Rəşad qadının görüntülərini çəkib.
Daha sonra Rəşad Səliməni həmin videogörüntülərlə şantaj edib.
O, qadından külli miqdarda pul tələb edib, əks halda həmin görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Səlimə Xudaverdoyeva bir neçə dəfə Rəşada pul versə də, Rəşad qadını yenə də şantaj etməkdə davam edib.
Bundan sonra Səlimə Xudaverdiyeva Rəşadın hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib.
Keçirilən əməliyyat zamanı Səlimə Xudaverdiyevanın Rəşad Zeynalov tərəfindən şantaj edildiyi məlum olub. O, həbs edilib.
İstintaq araşdırması zamanı Rəşad Zeynalovun qadını bir neçə dostu ilə şantaj etdiyi üzə çıxıb.
İstintaq orqanı tərəfindən Rəşad Zeynalovun barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.3-cü (zor tətbiq etmə ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
İstintaq-əməliyyat tədbirləri davam edir.