Gəncə şəhərində qadını intim görüntüləri ilə şantaj etməkdə təqsirli bilinən Əliyar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət iş baxılması üçün Gəncənin Nizami rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, Əliyar Əliyev sosial şəbəkələrdən birində tanış olduğu qadının intim görüntülərini əldə edib.
Daha sonra o, qadını həmin görüntülərlə şantaj edib, həmin görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, qadından bir neçə dəfə pul alıb.
Sonda Əliyar Əliyevin şantajlarından bezən qadın polisə müraciət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində o, həbs edilib.
İstintaq orqanı tıərəfindən Əliyar Əliyevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.