30 Sentyabr 2014 17:59
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Lənkəran şəhərində polis əməkdaşının ölümü ilə nəticələnən faciə ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sentyabrın 29-da Lənkəran Rayon Polis Şöbəsindən polis əməkdaşı Malik Cahangirovun vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülmüş və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 22 radələrində DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin polis nəfəri kiçik serjant Malik Cahangirov digər polis əməkdaşları ilə birlikdə Lənkəran rayon Ürgə kəndi ərazisindən keçərək Xəzər dənizinə tökülən çayda qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı mübarizə aparmaq məqsədi ilə reyd keçirərkən orada motorsuz qayıqla rayon sakinləri Rafiq Əskərov və Bəhruz Hüseynovun qanunsuz balıq ovu ilə məşğul olduqlarını görüb suya girərək həmin qayığı əli ilə saxlamaq istəyib.

Bu zaman R.Əskərov qanunsuz balıq ovunda istifadə etdiyi suya elektrik cərəyanı buraxmaq üçün kustar üsulla xüsusi hazırlanmış əl torunu M.Cahangirovun olduğu yerə suyun içərisinə salıb elektrik cərəyanı buraxaraq sonuncunu qəsdən öldürüb və hadisə yerindən qaçaraq gizləniblər.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq həərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Əskərov və B.Hüseynov sentyabrın 30-da tutularaq şübhəli şəxs qismində istintaqa cəlb olunublar.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər