Sumqayıt şəhərində ötən ilin son gecəsi oğurluq etməkdə təqsirli bilinən Musa Bayramov, Rüstəm Ağayev və onun qardaşı Rövşən Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib.
İttihama görə, Sumqayıt şəhəri Xudafərin küçəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət edən ev sahibi Azad Axundov ötən ilin dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə evdə olmadığı müddətdə mənzildən 31450 avro, 4300 ABŞ dolları, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “TP-link” markalı aparatın oğurlandığını bildirib.
Zərərçəkən ona ümumilikdə 66611 manat maddi ziyan dəydiyini qeyd edib.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Musa Bayramov, Rövşən Ağayev və onun qardaş Rüstəm Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü evin hasarından əvvəlcə Rövşən Ağayev və Musa Bayramov həyətə düşüblər.
Rüstəm Ağayev isə pusquda dayanıb.
Daha sonra dəstə üzvləri məzilin qapısının üzərində barmalıqlar olmayan pəncərənin şüşəsini qıraraq mənzilə daxil olublar.
Mənzilin qapısı açılandan sonra dəstənin digər üzvü Rüstəm Ağayev də evə girib. Saxlanılan şəxslər evin yataq otağında olan külli miqdarda pulu və bir ədəd televizoru götürəndən sonra hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, saxlanılan şəxslər biri Rüstəm Ağayev hadisədən sonra ona çatan pulun bir hissəsi ilə özünə “Volkswagen” markalı avtomobil alıb. Həmin nəqliyyat vasitəsi də polislər tərəfindən müəyyən edilərək saxlanılıb.
Dəstə üzvləri hadisədən sonra qapını qırmaq üçün istifadə etdikləri dəmir parçasını, həmçinin sındırdıqları şüşə qırıntılarını özləri ilə götürərək evdən bir qədər kənara atıblar.
Dəstə üzvü Rüstəm Ağayev evdən oğurladığı televizoru isə mənzilin yaxınlığında olan orta məktəbin həyətində gizlədib. Həmin televizor da aşkar edilərək polislər tərəfindən götürülüb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.