15 May 2020 13:07
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadına qarşı quldurluq etməkdə ittiham olunan Mirzə Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbhuhi Hüseynovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, hadisə Bakının Mirəli Qaşqay küçəsində baş verib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edən zərərçəkən Zeynəb Qurbanova binanın girişində ona naməlum şəxsin hücum etdiyini bildirib.

Qadının bildirdiyinə görə, həmin şəxs zorakılıq hərəkətləri ilə ondan içərisində 3200 manat, şəxsi sənədlər, bank kartları və bir ədəd "Samsung” markalı mobil telefon olan çantanı talayaraq qaçıb.

Quldurluq cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Mirzə Əliyev Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşlarının təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı saxlanılan şəxsin qeyd edilən hadisədən bir neçə ay əvvəl zərərçəkən qadına qarşı başqa cinayət törətdiyi də müəyyən edilib.

Mirzə Əliyev 2019-cu il sentyabrın 13-də həmin qadın Nəsimi rayonundakı marketlərdən birindən çıxarkən ona əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb.

Paketləri evə qaldırandan sonra zərərçəkən qadın Mirzə Əliyevə su gətirmək üçün mətbəxə keçən zaman xanımın içərisində 2350 manat olan çantasını oğurlayaraq hadisə yerindən qaçıb.

Sonuncu dəfə isə qadını bankomatdan pul çıxaran zaman görən Mirzə Əliyev onu təqib edərək binanın girişində ona hücum edib.

İstintaq orqanı tərəfindən Mirzə Əliyevin barəsində Cinayət Məcəlləsinin 177.1 (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ) və 181.2.2 (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər