Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Teleqraf.com Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Elvin Zeynalov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 390 qram narkotik vasitə heroin və 215 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları Elvin Zeynalovun Əmircan qəsəbəsində yaşadığı evə də baxış keçiriblər. Ordan isə idman çantasının içərisindən əlavə 4 kiloqram 650 qram heroin, 2 kiloqram 100 qram marixuana, 2 kiloqram 60 qram metamfetamin, 995 qram həşiş, 498 ədəd ümumi çəkisi 19,92 qram metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Beləliklə, bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kq-dan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Araşdırma zamanı müəyyən olunub ki, Elvin Zeynalov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib. Daha sonra Elvin Zeynalov narkotik vasitələri paytaxta gətirərək yaşadığı evdə gizlədib. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Elvin Zeynalov tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.