Bakıda qonşusunu öldürməyə cəhddə ittiham olunan 1970-ci il təvəllüdlü Mikayıl Babayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əfqan Hacıyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən ilin oktyabrında Sabunçu rayonu, Ramana qəsəbəsində Mikayıl Babayev sərxoş vəziyyətdə qonşusu, 1947-ci il təvəllüdlü Teymur Babayevi bıçaqlayıb.
Teymur Babayev xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Mikayıl Babayev tutulub.
İstintaq orqanı tərəfindən Mikayıl Babayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham elan olunub.