Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 16-na təyin olunub.
Qeyd edək ki, hadisə 2018-ci ilin dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib.
Paytaxt sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirərək hadisə yerini tərk edib.
Nəticədə xəstəxanaya yerləşdirilmiş Tural Babayev ölüb, Asif Bağırov isə ağır yaralanıb.
Hadisəni törətmiş Zaur İsmayılov könüllü olaraq Nizami rayon Polis İdarəsinə gəlib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olduğunu bildirib.
Zaur İsmayılov tutulub, silahı evdən götürülüb.
Bu cinayət hadisəsi kriminal qruplaşmalar arasında baş verən çəkişmənin nəticəsidir.
Zaur İsmayılov Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qruplaşmasının üzvü olduğu iddia edilir.
Qətlə yetirilən Tural Babyev isə kriminal avtoritet Lotu Qulinin rəhbərlik etdiyi qruplaşmanın üzvüdür.
Tural Babayevin Zaur İsmayılovu üzvü olduğu qruplaşmaya cəlb etmək istədiyi, ikincinin isə bundan imtina etdiyi, nəticədə onların arasında narazılıq yarandığı bildirilir.
Bu narazılıqdan sonra Zaur İsmayılovun Tural Babayevi aradan götürmək üçün sözügedən cinayətə əl atdığı ehtimal olunur.
İstintaq orqanı tərəfindən Zaur İsmayılovuin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.