22 İyul 2020 10:25
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaqda, terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan Niyaməddin Əhmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda vəsatət araşdırılıb və onda vəsatətin rədd olunması barədə qərar qəbul edilib.

İttihama görə, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkənin ictimai təhlükəsizliyinə qarşı yönələn təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması və təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Qabil Məmmədovun Azərbaycan Respublikası ərazisində 2015-2017-ci illərdə törətdiyi aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan Respublikası ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun İstitaq İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı Qabil Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum olunmuş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsi ilə yayımladığı çoxsaylı videoçıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycan Respublikasının hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədi ilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb.

Göstərilənlərlə əlaqədar hazırda barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir.

İstintaq orqanı tərəfindən Niyaməddin Əhmədovun barəsində Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham elan edilib.

Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.

Qeyd edək ki, may ayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə Niyaməddin Əhmədovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər