23 İyul 2020 15:43
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsus avadanlıqları oğurlamaqda ittiham olunan Füzuli Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin mayın 21-də günorta saatlarında Səbail rayonu Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları çəkiliş edən zaman kanalın avadanlıqları naməlum şəxs tərəfindən oğurlanıb.

Bu barədə polisə məlumat verən televiziyanın əməkdaşları oğurlanan 2 ədəd çəkiliş relsinin ümumilikdə dəyərinin 1 800 ABŞ dolları olduğunu bildiriblər.

Ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəsini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynov saxlanılıb.

O ifadəsində qeyd edib ki, oğurladığı relsləri Xətai rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsinə 60 manata satıb. Bölmə əməkdaşları tərəfindən həmin avadanlıqlar satıldığı yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.


Müəllif: Hacı Zeynalov