Bakıda iki nəfəri qətlə yetirməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Bərdə rayon sakini Vaqif Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Vaqif Hüseynov nikahdan kənar qeyri-rəsmi ər-arvad münasibətində olmuş və hadisədən bir neçə gün əvvəl münasibətlərinə son qoymuş Təranə İsmayılovanın ona xəyanət etməsini güman edib.
O, həmçinin Təranə İsmayılovanı himayə etməklə yanında böyütmüş bibisi Luiza İsmayılovanın onların bir yerdə yaşamasına mane olması və mübahisələr zamanı ona qarşı təhqiredici ifadələr işlətməsi ilə bağlı qeyd olunan şəxslərə nifrət hissinin təsiri altında hər iki qadını qisas məqsədi ilə öldürmək qərarına gəlib.
Vaqif Hüseynov 16 oktayabr 2019-cu il tarixdə əldə etdiyi 5 litrlik su qabına Binəqədi-Novxanı yolunun üstündə yerləşən “Binəqədi Petrol” yanacaq doldurma məntəqəsində yanacaq məhlulu alaraq doldurub, sonra Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən “1001 Xırdavat” mağazasından məişət təyinatlı bıçaq alıb.
Daha sonra həmin gün saat 13 radələrində Təranə İsmayılova və Luiza İsmayılovanın birlikdə yaşadığı ünvana gəlib. O, ayaqlarında xəstəliyi ilə bağlı sərbəst yerimək imkanları məhdudlaşdığından əsa ilə hərəkət edən 1942-ci il təvəllüdlü Luiza İsmayılovanın üzərinə özü ilə gətirdiyi yanacaq məhlulunu töküb, sonra od vuraraq onu diri-diri yandırıb.
Təranə İsmayılova bibisi Luiza İsmayılovaya yaxınlaşdıqda, alovun əynində olan paltarlara keçməsi səbəbindən aldığı alovdan yanaraq ölüb.
İstintaq orqanı Vaqif Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə),120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edib.
“Dedi ki, bibisi və qardaşı barışmağımızı istəmir”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif Hüseynov bildirib ki, 2017-ci ilin avqust ayında Binəqədi rayonu, Binəqədi şossesi ünvanında Luiza İsmayılovanın bacısı Zərifənin yaşadığı evi təmir edib:
“Zərifənin evində təmir işləri qurtardıqdan sonra yaxınlıqda yaşayan bacısı Luizanın da evini təmir etdirmək istədiyini bildirdi. Zərifə ilə danışdıqdan sonra Luizanın evində təmir işi görən zaman onun qardaşı qızı Təranə ilə ünsiyyətim yarandı və ailə həyatı qurdum.
Sonralar Təranə ilə ayrı evdə kirayə yaşadıq. Münasibətimiz pozulduğu üçün o, bibisi Luizanın yanında getdi. Sonralar barışmaq istəsəm də, Təranə dedi ki, bibisi Luiza və qardaşı Ramil barışmasına icazə vermirlər”.
“Təranənin mənə xəyanət etdiyini başa düşdüm”
Vaqif Hüseynov qeyd edib ki, sonralar Təranənin ona xəyanət etməsindən şübhələnib: “Hadisədən bir gün əvvəl mobil telefon nömrəmdən Təranənin ev telefonuna zəng etdim. Həmin zaman Təranə telefonu açdı və danışa bilmədiyini dedi. Danışıq zamanı səslərdən Təranənin başqa adamla cinsi əlaqədə olduğunu və mənə xəyanət etdiyini başa düşdüm.
Sonra başqa bir kişi telefonu aldı, arvadımla cinsi əlaqədə olduğunu dedi. Həmin şəxsi təhqir etdim, telefonu Təranəyə verməsini istədim. Təranə telefonu götürərək, mənimlə ünsiyyətinin qurtardığını, özünün isə nə istəsə, onu da edəcəyini bildirdi”.
“Məni söyüb təhqir etdi”
Vaqif Hüseynovun sözlərinə görə, ertəsi gün, oktyabrın 16-da saat 11 radələrində Luizanın evinə gedib: “Həmin vaxt Yol polisi idarəsinin yanına gəldim. Təmir-tikinti işlərində istifadə etmək üçün benzin, Rəsulzadə qəsəbəsində yerləşən bazardan bıçaq aldım. Luizanı əvvəlcədən öldürmək fikrim olmayıb. Lakin Təranəni mənə xəyanət etdiyi üçün onu öldürmək istəmişəm.
Luizaya məxsus evin həyətinə getdim. Luiza qabağıma çıxdı, məni söyüb təhqir etdi. Onu itələmək istəyəndə əlimdəki benzin Luizanın üstünə töküldü, Luiza ağzımda olan siqareti əsa ilə vurduğu və siqaret xalçaya düşdüyü üçün yanğın baş verdi. Luiza məni itələyəndə bıçağı ona tərəf yellədim. Həmin vaxt bıçaq ona dəydi. Təranə bibisinə yaxınlaşıb qucaqladıqda alov ona da keçdi”.
Vaqif Hüseynov qeyd edib ki, Təranənin ona xəyanət etməsini deyərək bıçaqla onu vurub, sonra hadisə yerindən uzaqlaşib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Hüseynov ömürlük azadlıqdan məhrum edilib.