Qobustan rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Rövşən Məhərrəmovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 7-nə təyin olunub.
İttihama görə, iyunun 22-də saat 07 radələrində Qobustan rayonu, Heydər Əliyev prospektində 1974-cü il təvəllüdlü Elman Cabarovun üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
İstintaqla hadisənin Qobustan rayon sakini 1974-cü il təvəllüdlü Rövşən Məhərrəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İstintaq orqanı tərəfindən Rövşən Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.