Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan Tahir Qüvvətovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyeva sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Ittihama görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz əməlləri barədə 161 “Qaynar xətt” əlaqə mərkəzinə şikayət daxil olub.
Daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı sürücülük məktəbinin direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü vəzifəsinə işə qəbul etmək üçün 1000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan cinayət işi başlanılıb.
Tahir Qüvvətəv Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmə prosesi oktyabrın 22-də davam etdiriləcək.
Hacı Zeynalov