Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1965-ci il təvəllüdlü Tahir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Tahir İsmayılov Xətai rayonunda qonşusu və tanışı İlham Nuriyevlə mübahisə edib.
Mübahisə zamanı İlham Nuriyev onu itələyib, söyüş söyüb. Bu səbəbdən Tahir İsmayılov yaşadığı evdən götürdüyü bıçaqla İlham Nuriyevə iki zərbə vurub. İstintaq orqanı tərəfindən Tahir İsmayılovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Tahir İsmayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, İlham Nuriyevi hadisədən təxminən 7-8 ay əvvəl tanıyıb: “Hadisədən təxminən iki il əvvəldən anamla birlikdə Xətai rayonunda kirayədə yaşamışam. İlham təxminən 7-8 ay öncə qonşuluğuma köçüb və bundan sonra aramızda tanışlıq münasibəti yaranıb. Həmin müddətdə İlhamla mütəmadi görüşürdüm, yaşadığım ünvanın yaxınlığında spirtli içki qəbul edirdik”.
Təqsirləndirilən şəxs deyib ki, hadisədən bir gün əvvəl İlhamla onun yaşadığı evin həyətində yeyib-içiblər: “Hər ikimiz sərxoş olduğumuzdan aramızda mübahisə yarandı, təxminən 5-10 dəqiqə mübahisə etdikdən sonra kirayə qalan qonşu Əfqan Əbdürrəhmanov yanımıza gəldi, mübahisəni sakitləşdirdi. İlhamın yaşadığı mənzildən çıxaraq öz evimə getdim”.
Tahir İsmayılovun ifadəsinə görə, ertəsi gün səhər saat 9 radələrində evdə televizora baxarkən qapı bərk döyülüb: “Qapını açdıqda İlham olduğunu gördüm. Ondan nə baş verdiyini soruşdum. İlham mənə “dünən mübahisə zamanı sən mənə işverən demisən”, - bildirdi, mənimlə mübahisəyə başladı. Onu sakitləşdirməyə çalışdım, çıxıb getməyi xahiş etdim. Bu zaman İlham mənə işə getdiyini, axşam işdən gəldikdən sonra mübahisəni davam etdirəcəyini bildirdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün təxminən saat 14-15 radələrində yaşadığı mənzilin qarşısında siqaret çəkən zaman İlhamın işdən gəldiyini və içkili olduğunu görüb: “İlham da məni gördü, yaxınlaşaraq yenidən bir gün əvvəl dediyim söz üçün mübahisə etməyə başladı. İlhama sərxoş olduğunu, həmin sözü ona qəsdən demədiyimi bildirsəm də, sözlərimə əhəmiyyət vermədi. Üzərimə gəldi, mənə əl-qol atdı, köynəyimin yaxasından tutaraq yaşadığı evə tərəf çəkməyə başladı.
İlhamın əl çəkmədiyini gördüm, mübahisənin uzanacağını və pis nəticələnəcəyini düşdündüyümdən güclə sonuncunun əlindən çıxaraq yaşadığım evin həyətinə qaçdım, həyətdə olan bıçağı götürərək İlhamın yanına gəldim. Oraya çatdıqda İlhama xəbərdarlıq etdim, “bir daha bu cür danışsan, səni bıçaqla vuracam” deyə bildirdim.
İlham isə sözlərimə məhəl qoymayaraq üstümə gəldi. Bu zaman artıq İlhamın əlindən qurtula bilməyəcəyimi düşündüm, əsəblərimi cilovlaya bilmədim. Bıçaqla İlhamın qarın nahiyəsindən bir dəfə vurdum”.
Təqsirləndirlən şəxsin ifadəsinə görə, İlhama xəsarət yetirdikdən sonra etdiyi hərəkətdən peşman olub, əlindəki bıçağı yerə atıb: “İlhama təcili tibbi yardıma zəng etməyi təklif etsəm də, razılaşmadı, özü taksi ilə xəstəxanaya getdi. Bir müddət sonra polis əməkdaşları yaşadığım evə gələrək polis idarəsinə apardılar”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.