24 Noyabr 2020 14:04
2 718

Bakıda sevgi münasibətində olduğu qadının ərini bıçaqlamaqda ittiham edilən 1992-ci il təvəllüdlü Seyran Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Seyran Əliyev Ramana qəsəbəsində nömrəsiz evdə tanışı Fidanla mübahisə edən zaman sonuncunun həyat yoldaşı Cəfər Əhmədov evə gəlib.

Cəfər Əhmədov evdə Seyran Əliyevi görüb, onun üzərinə gedərək yumruqla ona iki zərbə endirib. Seyran Əliyev Cəfər Əhmədovu itələyərək evin qarşısında olan pilləkənlərdən aşağı salıb, masanın üzərindən götürdüyü bıçaqla ona üç zərbə vurub.

İstintaq orqanı tərəfindən Seyran Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seyran Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, bir neçə il əvvəl Bakıxanov qəsəbəsində Fidan ilə tanış olub: “Aramızda münasibət yarandı və bir neçə dəfə cinsi əlaqədə olduq. Fidan əri və uşaqları ilə birlikdə atasının Ramanadakı evində yaşayıb. Hadisədən iki ay qabaq Fidan həyat yoldaşı və uşaqları ilə birlikdə mənim yaşadığım Ramana qəsəbəsindəki evimizin yaxınlığına köçüblər. Bundan sonra Fidanın həyat yoldaşı işə getdikdən sonra onlara getmişəm, onunla bir neçə dəfə görüşmüşəm və cinsi əlaqədə olmuşam”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən verməmişdən bir gün əvvəl Fidanla əlaqə saxlayıb: “Səhəri gün onun yaşadığı evə gəlmək istədiyimi bildirdim, etiraz etmədi. Səhəri gün, saat 7 radələrində Fidanın yaşadığı evin yaxınlığına getdim. Orada bir müddət Cəfərin işə getməsini gözlədim.

Cəfər evdən çıxıb getdikdən sonra bir qədər də gözlədim. Cəfərin qayıtmayacağına əmin olduqdan sonra evə daxil oldum. Fidanla təxminən 30 dəqiqə içəridə söhbət etdik. Bir qədər sonra qapı döyüldü. Evin pəncərəsindən baxdım, qapını döyənin Cəfər olduğunu gördüm. Ev bir otaqlı olduğundan gizlənməyə yer tapmadım və dəhlizdə gözlədim. Fidan qapını açdı, içəri gələn Cəfər məni evində gördü. O, duruxdu və üzərimə gəldi, məni yumruqlamağa başladı. Bunu görən Fidan çölə çıxıb kömək üçün qışqırmağa başladı. Lakin köməyə gələn olmadı.

Cəfərin məni buraxmayacağını başa düşdüm. Ona bıçaqla xəsarət yetirib, sonra qaçmaq qərarına gəldim. Əvvəlcə Cəfəri itələdim, evin pilləkənlərindən yerə yıxıldı. Dərhal masanın üzərindən bıçağı götürdüm, Cəfərin ayağa qalxmağına imkan vermədim, ona 3 dəfə bıçaqla zərbə endirdim. Həmin vaxt Fidan evdə olmayıb. Bundan sonra bıçağı yerə atdım, oradan qaçdım”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Cəfər Əhmədov bildirib ki, əvvəllər arvadı Fidan və uşaqları ilə birlikdə qayınatasının evində yaşayıb: “Təxminən hadisədən 6 ay əvvəl Ramana qəsəbəsi, Haqverdiyev küçəsində kirayə mənzil tutub, ora köçdük. Hər gün səhər saatlarında yaşadığım evdən çıxıb Sabunçu rayonu Şuşa şəhərciyinə gedib, orada günəmuzd fəhlə işləmişəm. Bəzi vaxtlarda isə iş tapmayıb, evinə qayıtmışam.

Hadisə baş verən günü saat 8 radələrində evdən çıxdım, Şuşa şəhərciyinə getdim. Orada işin olmadığını gördüm, taksi ilə evə qayıtdım. Evə çatıb qapını döydüm, qapının açıq yerindən içəri baxdıqda Seyran Əliyevin arvadımla sözləşdiyini gördüm. Bundan əsəbləşdim, Fidan qapını açan kimi Seyranın üzərinə atıldım, onu yumruqlamağa başladım. Fidan evdən çölə çıxdı, qonşulardan kömək istədi.

Bundan sonra Seyran məni itələdi. Arxa-arxaya gedərək evin pilləkənlərinə ilişdim, yerə yıxıldım. Ayağa durmağa macal tapmadım, Seyran üstümə gəldi, əlindəki bıçaqla mənə 3 dəfə zərbə endirib. Sonra Seyran bıçağı yerə atdı, qaçmağa başladı. Fidan evə qayıtdı, səhər saatları olduğundan heç kimi köməyə çağıra bilmədi. Odur ki, tanımadığım taksiyə əyləşdim, xəstəxanaya getdim. Hazırda təqsirləndirilən şəxslə barışmışam, ona qarşı şikayətim yoxdur”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmmü ilə Seyran Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov