16 Dekabr 2020 14:10
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ögey atasını bıçaqlamaqda ittiham olunan 2002-ci il təvəllüdlü İlkin Babayevin məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, İlkin Babayev Sumqayıt şəhərində yaşadığı yataqxanaya gəldikdə sərxoş vəziyyətdə olan ögey atası Seyran Səfərovun yeməyi vaxtında hazırlamadığına görə anası Yeganə ilə mübahisə etdiyini və onu vurmaq istədiyini görüb.

İlkin Babayev iradını bildirərək Seyran Səfərovun hərəkətlərinin qarşısını almaq üçün araya girib. Mübahisə zamanı İlkin Babayev otaqda stolun üzərində olan bıçağı götürərək Seyran Səfərova zərbə vurub.

İlkin Babayev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin Babayev bildirib ki, anası Yeganə atası Elbrusdan ayrıldıqdan sonra Sumqayıt şəhəri 12-ci mikrorayonda yataqxanda yaşayıblar: “Bir müddətdən sonra anam Seyranla ailə həyatı qurdu və Seyran da bizimlə bərabər yaşamağa başladı. Seyran son vaxtlar demək olar ki, hər gün evə içkili gəlir, anamla və mənimlə mübahisə edir, anamı incidirdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, uşaq yaşlarından Seyran ona atalıq edib, onun qayğısına qalıb: “Lakin son illər içkiyə qurşandığına görə məni və anamı haqsız yerə incidir və nalayiq sözlərlə təhqir edirdi. Hadisə baş verən günü, saat 22 radələrində həyətdən evə gəldikdə Seyranın yenə anamla mübahisə etdiyini gördüm. Mübahisə vaxtı o, anamı söydü, vuranda isə əsəbləşdim.

Seyrana iradımı bildirdim. O məni və anamı küçə söyüşləri ilə təhqir etdi. Yenə də anamı vurmaq istəyəndə araya keçdim. Seyran məni itələyərək hərəkətlərini davam etdirdi”.

İlkin Babayev qeyd edib ki, anasının və özünün ünvanına nalayiq söyüşlər ona çox pis təsir edib: “Əsəbləşərək Seyrandan hərəkətlərini dayandırmasını tələb etdim, yoxsa ona əl qaldırmağa məcbur olacağımı bildirdim. Seyran stolun üzərindən mətbəxt bıçağını, daha sonra su butulkasını götürərək başıma vurdu. Mənə və anmın ünvanına küçə söyüşləri söyərək bıçağı mənə uzatdi. Dedi ki, kişisən, vurmaq istəyirsən, al vur.

Seyranın bıçaqla mənə və anama xəsarət yetirəcəyini düşündüm. Bıçağı onun əlindən aldım və qarın nahiyəsindən vurdum. Anam bunu görüb qışqırdı. Mən bayıra qaçdım. Pilləkənlərdə oturub, ağladım. Özümə gələndən sonra Təcili Tibbi Yardım Stansiyasına zəng vurdum, həkim çağırdım. Gələn həkimlər Seyranı xəstəxanaya apardılar. Biz də həkimlərlə bərabər ora getdik. Hadisədən sonra polis bölməsinə yollandım, törətdiyim əməli etiraf etdim”.

İlkin Babayevin sözlərinə görə, Seyranla barışıb. Hazırda atalığı ilə ailə kimi bir evdə yaşayırlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Babayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


Müəllif: Hacı Zeynalov