Abşeron rayonunda bacısının qaynına xəsarət yetirməkdə ittiham olunan 1984-cü il təvəllüdlü Bayram Abdullayevin məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Bayram Abdullayevin Ceyranbatan qəsəbəsində yaşayan bacısıgildə apardığı apardığı təmir işlərindən evi tikmiş Söhbət Məhərrəmov narazı qalıb.
Bacısının qayınatası Söhbət Məhərrəmov Bayram Abdullayevdən təmir işlərini dayandırmağı və evdən getməyi tələb edib.
Bu zaman Söhbətin oğlu Vüqar Məhərrəmovla mübahisə baş verib. Mübahisə zamanı Bayram Abdullayev Vüqar Məhərrəmovu döyərək ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Bayram Abdullayevin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Bayram Abdullayev bildirib ki, bacısı Ramilənin əri İlqar Məhərrəmov 2010-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölüb: “İlqarın valideyinləri sonradan Ramiləni evdən çıxartdıqları üçün Ramilə 2011-ci ilin ortalarında uşağı ilə mənim evimə köçdü və bizimlə birlikdə yaşamağa başladı.
Təxminən 2014-cü ildə Ramilənin qaynatası Söhbət bizə gəldi, nəvəsi ilə görüşdükdə evinin yanında Ramilə üçün ev tikdirdiyini, təmir işlərini bizim görməyimizi təklif etdi, onun təklifi ilə razılaşdım. Həmin vaxtdan bacım Ramilə üçün tikilmiş evdə kafel və metlax düzməyə başladım. Evdə işi qurtarmağa az qalmış Söhbət yanıma gəldi, təmirdən xoşu gəlmədiyini deyərək məni təhqir etdi, evdən çıxmağımı tələb etdi. Buna görə aramızda mübahisə oldu”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həyətdə olduqları vaxt Söhbət ona tərəf daş atıb: “Daş mənə dəymədi. Bundan sonra paltarlarımı dəyişdim, evdən çıxanda Söhbətin arvadı Tamilla üzərimə gələrək məni təhqir elədi. Həmin vaxt Söhbətin oğlu Vüqar əlində balta üstümə yeridi. Vüqarla əlbəyaxa olduq. Vüqarın əlindən baltanı alanda balta əlimi kəsdi.
Baltanı kənara atdım. Sonra avtomobilimə oturaraq oradan getdim. Münaqişə həyətdə baş verib, təxminən 5 dəqiqə davam edib. Orada Vüqar, Söhbət və Tamilladan başqa heç kim olmayıb”.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Bayram Abdullayev 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.