Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1949-cu il təvəllüdlü Şərbət Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Şərbət Məmmədov Neapol küçəsi-21 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Skoroboqatova İrayida İvanovnanı yaşadığı mənzildə xüsusi amansızlıqla öldürüb. O, qadına çoxsaylı bıçaq zərbələri vurub. Cinayət onların mübahisəsi zamanı baş verib. Mübahisəyə səbəb isə mənzil olub.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ifadə verən Şərbət Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Şərbət Məmmədov bildirib ki, İrayida Skoroboqatova uzun müddət Məmmədovlar ailəsinin himayəsində yaşayıb. O, ömrünün sonunda mənzilini Məmmədovlar ailəsinə verəcəyini vəsiyyət edib. Lakin söhbət zamanı Şərbət Məmmədov düşünüb ki, qadın mənzili başqa birisinə vermək fikrindədir. Bu səbəbdən əsəblərini cilovlaya bilməyib və qadını bıçaqlayıb.
Araşdırmalar zamanı o da məlum olub ki, əslində İrayida Skoroboqatova mənzilini Məmmədovlar ailəsinə vəsiyyət edib. Cinayət işi oktyabrın 31-də davam edəcək.
Hacı Zeynalov