30 Dekabr 2020 13:00
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində gecə klubunda qanlı cinayət törətməkdə təqsirli bilinən şəhər sakinləri - Azər Mustafayev, Nicat Mustafayev, İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Azər Mustafayev 21 yanvar 2018-ci il tarixdə saat 23 radələrində əmisi oğlu Nicat Mustafayev, tanışları Pərviz Qasımov, Fəxrəddin Məmmədov və İlkin İsmayılov ilə birlikdə əylənmək məqsədilə Gəncə şəhərindəki “X - Klub” adlı gecə klubuna gəlib.

Orada müştəri kimi gecə klubuna gəlmiş Şəmkir rayon sakinləri - Orxan Rzazadə, Orxan Rüstəmov, Orxan Məmmədov, Ceyhun İbrahimov, Samir Hüseynov və Rövşən Orucovun yalnız üzərləri yoxlanıldıqdan sonra içəri daxil ola biləcəkləri barədə gecə klubunun mühafizəçiləri ilə Şəmkir rayonundan olan Rövşən Orucov arasında yaranmış mübahisəyə müdaxilə ediblər.

Bu zaman Azər Mustafayev Rövşən Orucova kəskin formada və yüksək səs tonu ilə: “Niyə mühafizəçinin qanuni tələbinə riayət etmirsiniz? O da sizin kimi cavan oğlandır, günü 10 manata işləyib ailəsini dolandırır” deyə irad tutub.

Azər Mustafayevlə Rövşən Orucovun arasında mübahisə yaranıb, biri-birilərinin ünvanına hədə məzmunlu sözlər işlədiblər, əlbəyaxa olublar. Azər Mustafayev Rövşən Orucovun yanında olan Orxan Rüstəmovun onun üzərinə hücum çəkib vuracağını zənn edib. Bunun qarşısını almaq və onu qabaqlamaq üçün öz üstünlüyünü fiziki güc tətbiq etməklə göstərmək qərarına gəlib.

Azər Mustafayev Rövşən Orucovun sifət nahiyəsinə yumruq zərbəsi endirib. Daha sonra klubun içərisinə keçib, əmisi oğlu Nicat Mustafayevi və onunla birlikdə kluba gəlmiş digər tanışları – Pərviz Qasımov, Fəxrəddin Məmmədov və İlkin İsmayılovu köməyə çağırıb.

Onlar qarşı tərəfdən olanlarla əlbəyaxa dava ediblər. Əlbəyaxa zamanı Fəxrəddin Məmmədov əlindəki taxta parçasından istifadə etməklə Orxan Rüstəmovun baş nahiyəsindən vurub.

Qrupun digər üzvü Pərviz Qasımov təpiyi ilə Ceyhun İbrahimovun sağ ayayğından vurub, İlkin İsmayılov isə təpiklə Samir Hüseynovun döyüb.

Daha sonra Azər Mustafayev davada özünün digərlərindən daha hünərli olduğunu nümayiş etdirmək üçün Rövşən Orucovun mübahisənin başlanğıcında təhqiredici hərəkətlərini özünün şəxsiyyətinin aşağılanması kimi qiymətləndirib, bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan bıçaqla onu vurmağa çalışıb, həmin vaxt Orxan Rzazadə üzərinə gəldiyindən onu qarın nahiyəsindən bıçaqlayıb.

İstintaq sənədlərinə görə, Nicat Mustafayev də zərərçəkmişləri öldürməyə cəhd edən hərəkətlər edib. Amma zərərçəkmişlər hadisə yerindən qaçdıqları üçün niyyətini başa çatdıra bilməyib.

İstintaq orqanı tərəfindən Nicat Mustafayevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Digər təqsirləndirilən Azər Mustafayevə Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü və 228.4-cü maddələri ilə ittiham verilib.

İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunublar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Mustafayev 12, Azər Mustafayev 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımov isə şərti cəza alıblar.

Nicat Mustafayev və Azər Mustafayev hökmdən narazı qalıblar. Onlar apelyasiya şikayəti veriblər. Hər iki təqsirləndirilən şəxs cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Bundan başqa, prokuror tərəfindən apelyasiya protesti verilib. Prokuror Nicat Mustafayev və Azər Mustafayevin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.

Bir müddəti əvvəl prokurorun protesti və təqsirli bilinən şəxslərin apelyasiya şikayətləri Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün Nicat Mustafayev və Azər Mustafayevə aid olan hissədə ləğv olunub, prokurorun protesti təmin olunub.

Məhkəmənin hökmü ilə Nicat Mustafayev 12 il, Azər Mustafayev isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Azər Mustafayev və Nicat Mustafayevin isə apelyasiya şikayətləri təmin olunmayıb.

Bu qərardan narazı qalan Azər Mustafayev və Nicat Mustafayev kasasiya şikayəti veriblər. Onlar kasasiya şikayətlərində işlərinə yenidən baxılmasını istəyiblər.

Ali Məhkəmə onların kasasiya şikayətlərini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar verib.

Cinayət işinin materialları yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət bu dəfə hakim Salman Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti həm təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərini, həm də prokurorun apelyasiya protestini təmin etməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər