Bakıda bacısı qızına təcavüz etməkdə ittiham olunan Türkmənistanın Aşqabad şəhərində anadan olmuş 1993-cü il təvəllüdlü Ruslan Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Ruslan Babayev 2011-ci ildən 2016-cı ilin yay aylarına qədər olan müddətdə Binəqədi qəsəbəsində fərdi yaşayış evində və Novxanı yolunda yerləşən “Qardaşlar” mağazasının yaxınlığındakı iri ölçülü çənlərin arxa tərəfində 2004-cü il təvəllüdlü bacısı qızı Lalə Vəliyevaya (ad və soyad şərti verilib – red.) zor tətbiq edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Ruslan Babayev həmçinin həmin vaxtlarda bacısı qızına digər seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Ruslan Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza müəssisəsində çəkməsi müəyyən olunub.
Hökmdən narazı qalan Ruslan Babayev apelyasiya şikayəti verib. O, barəsində təyin olunan cəzanın qanunsuz olduğunu iddia edib.
Ruslan Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və qeyd edib ki, dayı kimi bacısı qızı ilə münasibəti həmişə normal olub: “Lalənin əvvəllər mənə qarşı münasibəti yaxşı olub. Hətta 2016-cı ilin sonlarında Lalənin üç litrlik bankaya topladığım pulu oğurladığını aşkar etsəm də, ona irad bildirmədim, onu vurmadım. Lakin həmin hadisə zamanı Lalə mənə qarşı paxıllıq və nifrət hissinin olduğunu aşkar etdim”.
Ruslan Babayevin sözlərinə görə, sonrakı dövrdə də Lalənin təmiz paltarları çirkli partarlara qarışdırmaqla, onun ayaqqabısını gizlətməklə nifrətini göstərməyə çalışıb: “Mənə qarşı irəli sürülmüş ittiham uydurma olmaqla müstəntiq tərəfindən irəli sürülüb və heç bir əsası yoxdur. Lalənin barəmdə dedikləri uydurma və əsassızdır”.
Ruslan Babayev hökmün ləğv olunmasını, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ruslan Babayevin şikayəti təmin olunmayıb.
Qərardan narazı qalan Ruslan Babayev kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Ruslan Babayevin kasasiya şikayəti təmin olunmayıb.