Bakının Xəzər rayonunda cinayət törətməkdə təqsirli bilinən 1952-ci il təvəllüdlü Əmrah Cabbarovun məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Əmrah Cabbarov Buzovna qəsəbəsi Bağlar yaşayış massivindəki nömrəsiz fərdi yaşayış evinin qarşısında qardaşı oğlu Musa Cabbarovun sifət nahiyəsindən yumruqla vuraraq, ona xəsarət yetirib.
Əmrah Cabbarov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngqül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Əmrah Cabbarov bildirib ki, Musa Cabbarov onun qardaşı oğludur və qonşuluqda yaşayır: “Hadisə baş verən günü, saat təxminən 22 radələrində oğlum Yadulla mənə zəng edərək Musanın sərxoş vəziyyətdə onu söyərək təhqir etdiyini dedi. Yadullaya Musaya heç nə etməməyi tapşırdım və evdən çıxaraq Musanın yaşadığı küçəyə getdim. Arxasımca oğlum Rasim də gəldi.
Həmin yerə çatanda Musanın sərxoş olduğunu gördüm, ondan ünvanıma nə üçün söyüş söydüyünü soruşdum. Yenə məni söyəndə başımla onun sifət nahiyəsindən zərbə vurdum. Zərbədən Musa yerə yıxıldı və ayağa qalxaraq üstümə cummaq istəyəndə oğlanlarım Rasim və Yadulla məni kənara çəkdi, sonra biz oradan getdik”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonra məlum olub ki, Musa polis şöbəsinə gedərək onlardan şikayət edib: “Mübahisə 2-3 dəqiqə davam edib, həmin vaxt ətrafda heç kəs olmayıb. İlk dəfə törətdiyim bu əməldən peşman olaraq Musa ilə barışmışam və ona dəymiş ziyanı tamamilə ödəmişəm. Hazırda Musanın məndən heç bir şikayəti yoxdur”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ceyhun Cabbarov bildirib ki, təqsirləndirilən şəxs onun doğma əmisi, Rasim və Yadulla isə əmisi Əmrahın oğullarıdır: “Atam Məmmədhəsən rəhmətə getdikdən sonra əmim Əmrah və ailəsi ilə münasibətim soyumağa başladı. Yaşadığım evlə əmim Əmrahın evi arasında təxminən 100-150 metr məsafə var. Əmim oğlu Yadulla yay ayları bağ evinə gələn qonşuya həyətdə bəzi işlərdə kömək edir.
Hadisədən bir gün əvvəl, gecə saat təxminən 03.00-da evdə qonşumun həyətindən yüksək tonlu musiqi səsləri eşitdim. Həmin musiqi səsi 1 həftə idi ki, davam edirdi. Səsdən yata bilmədiyim üçün dözmədim, həyətin hasarına yaxınlaşaraq əmim oğlu Yadullanı küçəyə çağırdım. Sonra özüm də küçəyə çıxdım. Yadullanın qonşu qapının ağzında olduğunu gördüm, ona evin sahibini çağırmağını dedim”.
Zərərçəkmişin ifadəsinə görə, Yadulla ona möhkəm səslə gözləməyi deyib, sonra mobil telefonla atası Əmraha zəng edib: “Təxminən 5-10 dəqiqə sonra əmim Əmrah və digər əmim oğlu Rasimin mənə tərəf gəldiklərini gördüm. Onlar mənə yaxınlaşanda nə baş verdiyini soruşdüm və yenə də evin sahibini çağırmağı Yadullaya dedim. Bu vaxt əmim Əmrah iki dəfə ardıcıl olaraq yumruqla sifət nahiyəmə zərbə endirdi və zərbələrin təsirindən müvazinətimi itirərək yerə yıxıldım. Hər üçü qaçaraq uzaqlaşdılar. Güclə ayağa qalxaraq öz evimə getdim. İki gün nə həkimə, nə də polisə müraciət etmədim. Lakin gözüm ağrıdığı üçün 2-ci polis şöbəsinə gedərək ərizə yazdım”.
Ceyhun Cabbarov ifadəsinin sonunda qeyd edib ki, hazırda əmisi Əmrah ilə barışıb.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Əmrah Cabbarovun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.