29 Yanvar 2021 12:38
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki azyaşlı uşağını 4-cü mərtəbədən atmaqda ittiham olunan Nigar Cəfərovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Nigar Cəfərovanın barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, ötən ilin dekabrın 20-də gecə saat 23 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi ev 28-də yaşayan 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın yaşadığı binanın 4-cü mərtəbəsindən özünü yerə atması barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi təmin edilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Nigar Cəfərova həmin gün gecə saat 23 radələrində azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.

Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıblar.

Istintaq orqanı tərəfindən Nigar Cəfərovanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Yasamal rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər