Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon Göytəpə şəhər sakini Əli Bağırov saxlanılıb.
Yaşadığı evə keçirilən baxış zamanı ona məxsus ayrı-ayrı bağlamalarda 4 kiloqram 280 qram narkotik vasitə heroin, 1 kiloqram 225 qram psixotrop maddə metamfetamin, 96 qram həşiş qətranı, üzərində “M-40” yazılmış 39 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkarlanlb.
Bundan başqa, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini Üzeyir Cavadov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Keçirilən baxış zamanı onun üzərindən və idarə etdiyi “Toyota” markalı avtomobilin yük yerindəki dəmir seyfdən 1 kiloqram 511 qramdan artıq narkotik vasitə heroin və 461 qrama yaxın psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.