11 Mart 2021 12:53
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda anasını öldürməyə cəhd etməkdə ittiham olunan Raqif Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Aqil Musayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il avqustun 19-da saat 19 radələrində Saatlı rayon sakini, 1968-ci il təvəllüdlü Afət Mehdiyevanın yaşadığı evdə bıçaqlanaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1993-cü il təvəllüdlü Raqif Mehdiyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirməklə Afət Mehdiyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Raqif Mehdiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Raqif Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov