13 Aprel 2021 14:16
1 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda atasını öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Mətləb Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Mətləb Şükürov 14 fevral 2020-ci ildə saat 18 radələrində Quba rayonununun Birinci Nügədi kəndində yaşadığı evdə atası Bəşarətin Rusiyadan qayıdaraq birbaşa evlərinə gəldiyini və anası ilə həyətdəki qarın təmizlənməməsi səbəbindən mübahisə etdiyini eşidib. O, özündə olan bıçaqla atasını boğazından vurub.

Bəşarət öz otağına qaçarkən onun arxası ilə düşüb, atasına daha bir neçə bıçaq vurub. Bəşarət aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Mətləb Şükürovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Anama, qardaşıma, mənə nifrət edirdi”

Təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb Şükürov elan olunmuş ittiham üzrə özünü qismən günahkar bilib. O, qeyd edib ki, Birinci Nügədi kəndində anası Lalə və qardaşı Davidlə birlikdə yaşayıb:

“Rəsmi olaraq heç yerdə işləməmişəm. Atam başqa ailəsi ilə Rusiyada yaşayıb. Hər il 3-4 dəfə bizim yanımıza gəlib, 1 ay qaldıqdan sonra yenidən Rusiyaya qayıdıb. Rusiyada meyvə ticarəti ilə məşğul olurdu. Orada ailə qurduqdan sonra anamla da evlənib.

Atam Bəşarətin mənə, qardaşıma və anama qarşı münasibəti həmişə çox pis olub. Anamla ailə qurduqdan sonra onu da Rusiyaya apardı. Orada anamı mütəmadi olaraq döyüb təhqir edərək alçaldırdı. Təxminən 1 il orada qaldıqdan sonra anamı yaşadığımız Birinci Nügədi kəndinə qaytardı.

Atam mənə və qardaşıma qarşı hələ uşaqlıq vaxtlarından nifrət hissləri göstərirdi, heç bir səbəb olmadan hər kəsin yanında məni, anamı və qardaşımı döyüb, təhqir edirdi”.

“Bizə əzab verməkdən həzz alırdı”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, atası Rusiyadan evlərinə gəldikdə onu döyərək sifətində, bədənində göyərtilər əmələ gətirib: “Məktəbə gedəndə hər kəs sifətimdəki göyərtiləri görür, bundan atamın evə gəldiyini bilirdilər.

Anamın dediyinə görə, 3 yaşım olanda atam məni çarpayıya çırpıb, nənəm sağ olan vaxtlarda bizi atamın əlindən alsa da, anam qorxusundan Bəşarətə heç nə deyə bilməyib. Anam bir neçə dəfə Bəşarətə irad bildirsə də, o, anamı daha da şiddətlə döyüb. Atam yağışlı, leysanlı havada dəfələrlə mənə və qardaşıma həyətdəki ağacları sulatdırıb, bizə baxaraq gülüb. Sanki atam bizə verdiyi əzabdan həzz alırdı.

Balaca qardaşım atama, mən isə anama oxşadığımdan atam hər dəfə mənim yanımda bu barədə anama deyərək alçaldıcı sözlərlə söyürdü. Evdə yemək yeyən zaman təsadüfən atamın üzünə baxmışam. Bu səbəbdən atam çörək qabını başıma çırpıb və nəyə görə üzünə baxdığımı soruşub. Sonra da məni yemək yeməyə qoymayıb”.

“Təzə kostyum aldığımı biləndə...”

Mətləb Şükürov qeyd edib ki, ümumiyyətlə atası nə onunla, nə də qardaşı ilə üz-üzə gəlmək istəməyib: “Nə vaxtsa ya evdə, ya da başqa bir yerdə atamın qarşısına çıxsaq bizi döyürdü. Atam məndən mənfi enerji aldığını bildirir və məni görmək istəmədiyini deyirdi.

Atam evə gələn zamanlar heç vaxt onun qabağına çıxaraq görüşməmişəm. Çünki atam heç vaxt bizi yaxın gəlməyə qoymur, görüşmək istəyəndə isə təhqir edirdi. Məktəbi qurtaran zaman sinif yoldaşlarımla keçiriləcək tədbir üçün özümə kostyum almışdım. Kostyumun pulunu isə anam vermişdi. Atam həmin tədbirdən bir neçə ay sonra kostyumu gördü və nəyə görə özümə kostyum aldığımı deyərək məni döydü. Bu səbəbdən özlümüzə aldığımız əşyaları atamızdan gizlətmişik. Heç vaxt atamdan nə ayaqqabı, nə şalvar, nə də ehtiyaclarımız olan hər hansı bir digər əşyanı istəməmişik. İstədiyimiz halda bizi döyüb”.

“Bacım tez ailə qurdu ki...”

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, bacısı Alsu atasının qeyri-insani hərəkətlərinə dözməyərək tez ailə həyatı qurub və ər evinə köçüb: “Atam bacımı döyməsə də, bəzi hallarda onu vuraraq nalayiq sözlərlə təhqir edirdi. Bacım ailə qurarkən atam ona qız toyu belə eləmədi, qohumlarımızın təkidi ilə bir-iki cehiz aldı.

Atam məni camaatın içində utandırmaq üçün yoldan peyin yığdırıb, qapımızın yanında yolun kənarında olan qoz ağacından tökülmüş yarpaqları gündə 10-15 dəfə ağacın dibindən təmizlətdirib. Ağacın dibində nəsə gördüyü halda məni döyüb”.

“Özümü öldürmək istəmişəm”

Mətləb Şükürov bildirib ki, sonuncu dəfə 2019-cu ilin avqustunda atası Bəşarət bacısının toyuna gəlib: “Həmin vaxt qardaşım şalvarın ayağını dərzidə yığdırdığından onu möhkəm döydü, şalvarını əynindən çıxartdı. Qardaşım özünü atamın əlindən qurtararaq alt paltarda küçəyə qaçdı. Atam yola çıxaraq qardaşımı saxlamağıma görə əsəbiləşdi və məni evə apararaq döydü. Qardaşım 3 gün əmim Samirgildə qaldı. Evə gəldikdə isə atam onu başqa bəhanələrlə döyməyə başladı. Atamın münasibətindən bezərək, dəfələrlə özümü öldürmək istəmişəm. Lakin anam ilə qardaşım gözünün qabağına gəldiyindən bu addımı atmamışam. Atamın yenə bizə qarşı belə davranacağı halda onu qorxutmaq üçün 2019-cu ilin dekabrında Quba şəhərindəki “Birja” adlanan ticarət mərkəzindən bıçaq aldım. Lakin atamın nə vaxt evimizə gələcəyindən xəbərim olmayıb. Atam heç vaxt gələcəyini əvvəlcədən bizə deməyib, özü qəfil gəlib. Evin iki darvaza qapısı olub, qapının birindən özümüz, digərindən isə atam istifadə edib. Həmin qapının açarı yalnız atamda olub”.

“Anamın öldüyünü zənn etdim”

Mətləb Şükürovun ifadəsinə görə, 2020-ci il fevralın 14-də axşam saat 18 radələrində qardaşı ilə otaqlarında olan zaman darvaza açılanda gələnin atası olduğunu bilib: “Buna görə qorxumuzdan otaqdan çölə çıxmadıq. Atam evə gələn kimi öz otağına keçdi. Həmin otağın açarı yalnız onun özündə olurdu. Heç kəs o otağa girməzdi. Gecə orada tək yatırdı.

Atam evə gəldikdən təxminən 10 dəqiqə sonra anama qışqıraraq həyətdəki qarın nəyə görə təmizlənmədiyini, oğlanlarının nə işə baxdığını soruşdu. Bundan sonra qapının çırpılması səsi gəldi. Əvvəlcədən aldığım bıçağı stulun başından asdığım gödəkcəmin cibindən çıxardaraq mətbəxin qarşısına gəldim. Həmin vaxtı qardaşım da mənim arxamca gəldi.

Anamın mətbəxin qarşısında yerdə uzanıqlı vəziyyətdə görərək onun öldüyünü zənn etdim. Ağlım başından çıxdı, əlimdəki bıçaqla atamın üzərinə hücum çəkdim. Atama onun yaşamayacağını deyərək bıçaqla bir dəfə boğazından, daha sonra isə bir dəfə qarın nahiyəsindən zərbə vurdum”.

“Yorğanı çəkərək üstünə örtdü”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra atası qaçaraq otağına gedib: “Ona arxadan bir neçə dəfə də bıçaqla zərbə vurdum. Həmin zərbələrdən neçəsinin dəyib-dəymədiyini bilməmişəm.

Atam otağına girən zaman qapını bağlamaq istəsə də, açar çöl tərəfdə olduğundan qapını bağlamağa ləngidi. Mən də qapını itələyərək aradan atama bir neçə dəfə bıçaqla zərbə vurdum. Lakin bıçağın hansı nahiyəsinə dəydiyini, ümumiyyətlə dəyib-dəymədiyini bilməmişəm.

Bundan sonra güc verərək qapını itələyərək açdım. Atam da geri çəkilərək çarpayıya uzandı, yorğanı çəkərək üstünə örtdü. Həmin vaxt qardaşım qapını döysə də, qardaşıma qışqıraraq anamın yanına getməsini, heç bir işə qarışmamasını dedim.

Bundan sonra atamın kiməsə zəng edərək xəbər verməməsi və məni vura bilməməsi üçün onun telefonunu, şkafda olan bıçağını götürdüm”.

“Atamın yanında oturub ölməsini gözlədim”

Mətləb Şükürov qeyd edib ki, daha sonra atasının yanına gələrək stulda oturub və illərlə onlara yaşatdığı əzab-əziyyətlər barədə təxminən 1 saat söhbət edib: “Atam elədiyi hər pisliyi və qeyri-insani davranışı etiraf edərək bir daha belə hərəkətlər etməyəcəyini dedi. Ona köməklik göstərməyimi və həkim çağırmağımı xahiş etdi. Daha sonra məni əmilərim Samirin və Bahadırun öyrətdiyini dedi. Atamın əmilərimlə də münasibətləri yaxşı olmayıb. Atama heç kəsin məni öyrətmədiyini bildirdim. Boğazındakı qızıl boyunbağını, barmaqlarındakı iki qızıl üzüyü, qolundakı qızıl saatını və cibindəki sayını bilmədiyim ABŞ dolları və Rusiya pullarını çıxararaq gizlətməyim üçün mənə verdi.

Mən pulları və qızılları otaqdakı şkafın üzərinə qoydum. Daha sonra atam əynindəki şalvarını çıxardı, təzə şalvar istəsə də, atama heç bir reaksiya vermədim. Kəskin iydən atamın şalvarını ifrazatla batdığını hiss etdim. Aramızda bir saat aparılan söhbətdən sonra onun ölmədiyini, həmçinin bıçaqla ona əlavə xəsarət yetirməyə cəsarətimin olmadığını gördüm. Atamın yanında oturaraq ölməsini gözlədim”.

“Etdiyi haqzıqlıqları danışdım”

Təqsirləndirilən şəxs bildirib ki, bununla belə atasının ayağa qalxaraq ona qarşı nəyisə edəcəyindən ehtiyatlanıb, habelə atasına əlavə bıçaq xəsarəti yetirə bilməyəcəyinə görə eyvanda olan bel sapını götürmək üçün otaqdan çıxıb: “Bel sapını götürməkdə məqsədim atamın mənə qarşı nəyisə edəcəyi halda özümü müdafiə etmək olub.

Bel sapını götürərək yenidən atamın yanına qayıtdım. Otağın qarşısında atamla rastlaşdım. Həmin vaxt atam qapını bağlamaq istədi. Mən də atamın nəsə edəcəyindən qorxaraq əlimdəki bel sapı ilə bir neçə dəfə baş nahiyəsinə, bədəninin müxtəlif nahiyələrinə zərbə vurdum. Zərbələrdən biri dodağına dəydiyindən atam aşağı əyildi, bir neçə dəfə xəsarət yetirdikdən sonra atam yenə çarpayıya uzanaraq yorğanı üzərinə çəkdi.

Mən isə atamı vurmağı saxladım, qapını arxadan bağlayaraq stulda oturdum. Yenidən atamın bizə qarşı əvvəllər etdiyi haqsızlıqlar, verdiyi əzab-əziyyətlər barədə yaşadıqlarımızın hamısını 4-5 saat ərzində danışdım”.

“Polisə məlumat verilməsini tapşırdım”

Mətləb Şükürovun ifadəsinə görə, bundan sonra atasının öldüyünü görüb və otaqdan çıxıb: “Anamla qardaşımın olduqları otağa gedərək onların oturduğu divana əyləşdim. Anamın halının olmadığını gördüm. Anam və qardaşıma atamı öldürdüyümü dedim, polisə məlumat verilməsini tapşırdım.

Bundan sonra anam əmim Samirin arvadı Qərənfilə zəng etdi, hadisə barədə məlumat verdi. Təxminən 15-20 dəqiqədən sonra Qərənfilin atası, onun arxasınca isə əmim Bahadur və bibilərim bizə gəldi. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldilər”.

Məhkəmənin hökmü ilə Mətləb Şükürov 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov