Zaqatala rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Fazil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il dktyabrın 21-də saat 15 radələrində Zaqatala rayonu, Yengiyan kənd sakini 1978-ci il təvəllüdlü Zalxa İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri Fazil İsmayılovun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə xəsarətlər yetirərək Zalxa İsmayılovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fazil İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Fazil İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Hacı Zeynalov