Sabirabad rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan İftixar Muradovun cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün hakim Aqil Musayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 3-nə təyin olunub.
İttihama görə, ötən il dekabrın 12-də Sabirabad rayon sakini Sakit Nuruşovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu İftixar Muradov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atasının gözləri qarşısında çoxsaylı xəsarətlər yetirərək Sakit Nuruşovu qəsdən öldürüb.
İstintaq orqanı tərəfindən İftixar Muradovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.