2 İyun 2021 14:00
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda 1997-ci il təvəllüdlü Fəqan pul borcu üstündə yaranan mübahisə zəminində qohumu Xəyalı döyüb.

Teleqraf.com-un xəbərinə görə, rayonun Aşağı Ləki kəndində qeydiyyatda olan Fəqan qohumu Xəyalla Orta Ləki kəndinin çöl ərazilərində yerləşən örüş sahəsində mübahisə və dava-dalaş edib.

Dava-dalaş zamanı Fəqan Xəyalın baş və üz nahiyələrinə bir neçə dəfə yumruqla, bel, qol, kürək və ayaq nahiyələrinə ağac parçası ilə vurub. Xəyal aldığı zərbələrdən müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xəyal onun əmisi qızının əridir: “Əvvəllər aramızda heç bir narazılıq və problem olmayıb. 2020-ci ilin yay aylarında Xəyalın qardaşı Vüqar məndən 2000 manat borc pul istədi, sonra keçilərini sataraq pulu geri qaytaracağını söylədi. Həmin vaxt Vüqara 2000 manat borc pul verdim.

Qarabağ müharibəsi başlayan ərəfədə Vüqara könüllü yazılaraq müharibəyə gedəcəyimi söylədim, ona görə pulumu geri qaytarmasını istədim. Vüqar mənə 500 manat pul qaytardı, qalan 1500 manatı anama verəcəyini söylədi. Həmin vaxt qardaşım da hərbi xidmətdə idi. Ona görə anam tək qalmışdı. Müharibədə olan müddətdə bir neçə dəfə Xəyala zəng etdim, pulu anama verməsini söylədim. Xəyal bir neçə dəfə söz verdi, sonra isə pulu qaytarmayacağını bildirdi. Ona görə telefon danışığı zamanı aramızda mübahisə baş verdi”.

Fəqan bildirib ki, 2021-ci ilin yanvarında müharibədən qayıdıb: “Evə qayıdandan sonra bir neçə dəfə Xəyala və onun ailə üzvlərinə zəng etdim, pulumu geri qaytarmalarını söylədim. Sonuncu dəfə Xəyal telefon danışığı zamanı mənə nalayiq ifadələr işlətdiyinə görə bu danışığın ona baha başa gələcəyini dedim. Növbəti gün yenə Xəyala zəng etdim. Lakin zəngimə cavab vermədi. Belədə Xəyalla görüşmək qərarına gəldim.

Onun sahədə qoyun otardığını bildim. Təxminən saat 17.00-da örüş sahəsinə getdim. Xəyala yaxınlaşaraq niyə zəngimi açmadığını, telefon danışığı zamanı məni söyməsinin səbəbini soruşdum. Xəyal ondan uzaq durmağımı, nə deyibsə yaxşı etdiyini söylədi. Aramızda mübahisə yarandı, mənə nalayiq ifadələr işlətdi. Xəyala çox hirsləndim, əlində olan dəyənəyi alaraq onu vurmağa başladım.

Dəyənəklə Xəyalın bel, qol, kürək və digər nahiyələrindən vurdum. Sonra yumruqla Xəyalın üz və baş nahiyələrinə də zərbə endirdim”.

Fəqanın sözlərinə görə, bundan sonra Xəyal pulu 1 həftəyə qaytaracağını söyləyib: “Xəyalla birlikdə onun yaşadığı ev istiqamətində getdik. Sonra Xəyal məndən uzaqlaşdırdı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xəyal bildirib ki, Fəqan Qarabağ müharibəsi bitdikdən sonra yaşadığı evə gəlib: “Bir neçə dəfə arvadıma zəng edərək məni soruşub. Fəqan müharibəyə getməmişdən əvvəl qardaşım Vüqar ondan 2000 manat borc almışdı. Həmin pulla qardaşım onun üçün ev tikməli idi.

Fəqan müharibəyə gedəndə pulunu geri istədi. Müharibədə olarkən də bir neçə dəfə zəng edərək pulunu istədi. Sonuncu dəfə telefonda danışanda aramızda mübahisə baş verdi. Həmin gün saat 16.00-da Fəqan mənə zəng etdi. Fəqanın zəngini açmadım. Bir saat sonra örüş sahəsində qoyunları otardığım vaxt ora gəldi. Mənə yaxınlaşdı, niyə onun zəngini açmadığımı soruşdu. Fəqana məndən uzaq durmasını, onunla danışmaq istəmədiyimi söylədim”.

Xəyalın sözlərinə görə, aralarında mübahisə yaranıb: “Mübahisə vaxtı Fəqan əlimdə olan dəyənəyi götürərək məni döyməyə başladı. Ağac parçası ilə qol, ayaq və kürək nahiyələrimdən vurdu. Bu zaman həmin ağac parçası qırıldı. Sonra yumruqla üz və baş nahiyələrimdən vurdu.

Həmin vaxt pis vəziyyətdə olduğuma görə Fəqana məndən əl çəkməsini, onun pulunu qaytaracağımı söylədim. Sonra yaşadığım evə getdim. Qardaşım vəziyyətimi gördü, nə baş verdiyini soruşdu. Ona Fəqanın pula görə məni döydüyünü söylədi. Vüqardan Fəqanın pulunu qaytarıb-qaytarmadığını soruşdum.

Vüqar Fəqanın pulunu tam vermədiyini, 500 manatı qaytardığını, 1500 manatı isə hələ də borclu qaldığını dedi. Bərk ağrılarım olduğu üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına müraciət etdim”.

Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində hakim Cavid Sultanovun sədrliyi ilə baxılıb.

Fəqanın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


Müəllif: Hacı Zeynalov