19 fevral 2021-ci ildə Masallı rayon sakini Firuzə Məmmədovaya bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Teleqraf.com-a Masallı rayon Prokurorluğundan bildirilib.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Qəyyum Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Firuzə Məmmədovanı qəsdən öldürməyə cəhd edib.
Qəyyum Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.