7 Noyabr 2014 11:45
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmədən dələduzluq edənə 8 il cəza

Şəki Ağır Cinayətlər Məhkəməsində iş adamına qarşı dələduzluq etməkdə ittiham olunan Qəbələ rayon sakini, 1968-ci il təvəllüdlü İlqar Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, İlqar Əhmədov rayonun Soltannuxa kənd sakini Cavanşir Vahabova qarşı dələduzluq edib.

O, özünə məxsus Qəbələ şəhəri A.Səhhət küçəsi, 1 ünvanında yerləşən bir mərtəbəli qeyri-yaşayış binasını Cavanşir Vahabova satacağını vəd edib. İlqar Əhmədov həmkəndlisinin etibarından sui-istifadə edərək 2010-cu ilin iyul-dekabr ayları ərzində hissə-hissə ondan 35 min manat alıb.

İlqar Əhmədov həmin pulu Qəbələ rayonu Soltannuxa kəndində yerləşən 0,34 ha həyətyanı torpaq sahəsində birmərtəbəli yaşayış evinin tikintisinə sərf etməsinə baxmayaraq, vədinə əməl etməyib. O, Cavanşir Vahabovdan xəbərsiz özündə saxladığı həmin qeyri-yaşayış binasını Bakı şəhər sakini Maral Orucovaya 40 min manata satıb. Nəticədə İlqar Əhmədov Cavanşir Vahabovun 35 min manatını mənimsəyib.

İlqar Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən İlqar Əhmədov ittiham üzrə özünü təqsirli bilməyib.

O, deyib ki, 2002-ci ildən Qəbələ şəhər A.Səhhət küçəsi, 1 ünvanında istifadəsində olan bir mərtəbəli qeyri-yaşayış binasını həmkəndlisi Cavanşir Vahabova icarəyə verib. Onun sözlərinə görə, 2010-cu ilin iyul ayına kimi Cavanşir həmin obyekti işlədib: “2010-cu ilin iyul ayında isə ev tikdirməyə başladığımdan pula ehtiyacım olub. Bu səbəbdən obyekti Cavanşirə satmaq qərarına gəldim. Obyekti satmaq üçün Cavanşirlə 40 min manat müqabilində razılaşdıq. Cavanşir pulun 35 min manatını mənə hissə-hissə verməli və həmin pulu verəndən sonra notarial qaydada rəsmi alqı-satqı edəcəkdik. Qalan 5 min manatı isə alqı-satqıdan sonra verəcəkdi. Cavanşir həmin pulu mənə hissə-hissə ödədi. Cavanşir 35 min manatın bir hissəsinin yerinə təxminən 4 min manatlıq plastik qapı-pəncərə və ev qapılarına şüşə-aynalar verib. Bundan başqa, Cavanşir evinin damını tikən usta Qabilə təxminən 1500 manat ödəyib. Qalan pulu da hissə-hissə 2010-cu ilin dekabr ayınadək verib. Cavanşirdən aldığım pulların çox hissəsini Soltannuxa kəndindəki həyətyanı sahədə tikdirdiyim evin inşasına xərcləmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin ilin dekabrın 29-da bu obyekti Maral Orucovaya satıb. Qeyd edib ki, obyektin satılmasından Cavanşirin xəbəri olmayıb. O, zərərçəkmişə 18 min manat borcu olduğunu etiraf edib. İlqar Əhmədov deyib ki, həmin pulu Cavanşirə qaytarmaq istəyib: “Amma 2012-ci ildə həbs edilmişəm. Bu səbəbdən də qalıq borcu Cavanşirə qaytarmağa imkanım olmayıb”.

Zərərçəkmiş Cavanşir Vahabov bildirib ki, Qəbələ rayonu “Kolxoz bazarı”nda şüşə sexi işlətməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun sözlərinə görə, 2007-ci ilin əvvəllərində həmkəndlisi İlqar Əhmədova məxsus qeyri-yaşayış binasını icarəyə götürüb: “2010-cu ilin iyul ayında İlqar Əhmədov obyekt binasını satmaq istədiyini bildirdi. O, həmin obyekti mənim almağımı təklif etdi. İlqardan binanı başqa şəxsin almaq istəyib-istəmədiyini soruşdum. O, binanı başqa heç kimin almaq istəmədiyini və binanı 40 min manata satmaq istədiyini dedi. Obyektə görə hissə-hissə 35 min manat verəcəyimi bildirdim. Qalan pulu da rəsmi alqı-satqı edəndə verəcəyimə söylədim”.

O, ifadəsində qeyd edib ki, 35 min manatı hissə-hissə İlqar Əhmədova verib. Cavanşir Vahabov bildirib ki, obyektin sonradan Maral Orucovaya satıldığını bilib. Onun sözlərinə görə, İlqar Əhmədovdan pulunu tələb edib. Məhkəmənin hökmü ilə İlqar Əhmədov 8 il müddətinə azadlıqdan məhrum olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər