"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə 2006-2017-ci illərdə "İdeal"da işləmiş Həbib Qarayev dindirilib.
O bildirib ki, əvvəl mağazada inzibatçı işləyib. Daha sonra mağazalardan pulu toplayıb, baş ofisdə mühasibatlığa çatdırmaqla məşğul olub.
Şahidin sözlərinə görə, bəzən kredit ödənişləri və digər məsələlər üçün şirkətin kassasından ona vəsait verilirdi, o da tapşırığı icra edirdi: "Şirkətin inkişafı, yeni mağazaların açılması və ya təmiri üçün pul şirkət üçün götürülən kreditlər İlqar İsmayılovun adına idi. O kreditlərin ödənişi üçün də kassadan pul verilirdi, aparıb ödəyirdim".
Şahid "Yapıkredibank"dan götürülmüş və "İdeal"ın kassasına mədaxil edilmiş 939 min dollar barədə qəbz təqdim olunub. Həbib Qarayev sənəddəki imzanın ona məxsus olduğunu təsdiqləyib.
Həbib Qarayev məhkəmədə deyib ki, o, digər təsisçiyə çatası gəliri dəfələrlə apararaq onun nümayəndəsi Fuad Əliyevə təqdim edib: "Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu".
Daha sonra hakim elan edib ki, ittiham tərəfin şahidlərinin dindirməsi başa çatdı. Ardınca vəkillər əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər qaldırıblar. İlk vəsatət digər təsisçisinin dindirilməsi olub: "Elektron yazışmalardan aydın olur ki, faktiki rəhbərlik digər təsisçiyə məxsus olub. Ən xırda məsələlərdən də onun xəbəri olub. Az qala şirkətə süpürgə alınmasına qədər onun göstərişiylə baş verib. Həm də məhkəmədə dindirilən şahidlər ona mütəmadi şirkətdən gəlirlər verildiyini bildiriblər".
Məhkəmə vəsatəti təmin etməyib.
Vəkillərin məhkəmədə dindirilməsini istədiyi digər şəxs isə Fuad Əliyev olub: "Məhkəməyə təqdim edilən yazışmalarda Fuad Əliyevin də elektron məktubları var. Payların bölünməsində o da iştirak edib. Bundan əvvəlki şahid də dedi ki, digər təsisçiyə çatası məbləği aparıb Fuad Əliyevə verirdi. Əvvəlki məhkəmə iclasında mühasib Samirə Quliyeva da bunu təsdiqləmişdi".
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Vəkillər həmçinin 2017-ci ildə İlqar İsmayılov haqqında başlanmış, sonradan xitam verilmiş.cinayət işinin materiallarının prokurorluqdan alınması barədə də vəsatət qaldırıb.
Vəkil vurğulayıb ki, o zaman iş adamı eyni ittihamla həbs olunmuşdu: "Cinayət işinin materiallarında olan mütəxəssis aktından görünür ki, İlqar İsmayılovun adından şirkətin kassasına köçürülmüş və çıxarılmış məbləğlərin fərqi İsmayılovun xeyrinə olub".
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Növbəti proses oktyabrın 4-də davam edəcək.
İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq orqanı tərəfindən onun basində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.