Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri əkib-becərməkdə təqsirli bilinən Siyəzən rayon sakini, 1967-ci il təvəllüdlü Səməndər Balasultan oğlu Nəcəfovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Şabran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Səməndər Nəcəfov tutulub. Polis onu rayon mərkəzindən 45 km. aralıda, Dəhnə kəndi yaxınlığında becərdiyi narkotik plantasiyasında iş başında tutub.
O, narkotik plantasiyasını sərt qayalıqda becərirmiş. Buna səbəb isə əkinəcək yerinin gözdən uzaq yer olması ilə bağlı olub. Polis plantasiyadan 130 ədəd çətənə kolu aşkarlayıb. Səməndər Nəcəfov hadisə yerindəcə əməlini etiraf edib. Səməndər Nəcəfov onu da əlavə edib ki, özü də narkotik istifadəçisidir.
Səməndər Nəcəfov Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham edilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Səməndər Nəcəfov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov