Bakının Suraxanıda arvadını öldürməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan iclasda hökm oxunub.
Ehtibar Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il fevralın 1-də, saat 18 radələrində 1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ehtibar Qasımov Fəridə Qasımovanın “İnstagram” sosial şəbəkəsində başqa şəxslə danışdığını öyrənib. Buna görə də aralarında mübahisə yaranıb.
Mübahisə sonda qətllə nəticələnib.
İstintaq orqanı tərəfindən Ehtibar Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.