15 Noyabr 2021 14:04
15 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda 1957-ci il təvəllüdlü Lətif yetkinlik yaşına çatmayan nəvəsi Xatuna (adlar şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Lətif 2019-cu il noyabrın 2-də, saat 11.30-da yaşadıqları evin həyətində oynayan nəvəsi, 2010-cu il təvəllüdlü Xatuna qarşı əxlaqsız hərəkətlər etmək niyyəti ilə onu “gəl mətbəximdən kül qabını mənə ver” bəhanəsi ilə həyətdən evə çağırıb.

Daha sonra azyaşlı evin birinci mərtəbəsindəki otaqda təklikdə qalanda ona zor tətbiq edib, əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Lətifin barəsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətif elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, uzun müddət arvadı və iki oğlu ilə birlikdə Rusiya Federasiyasında yaşayıblar: “Oğlum Eldar 2007-ci ildə Bakı şəhər sakini Mehribanla nikaha daxil oldu və onlar bir müddət Bakı şəhərində yaşadıqdan sonra Rusiyaya köçdülər, orada yaşadılar.

Oğlum Eldarın üç qızı və bir oğlu olub. Eldarla Mehribanın münasibətləri pozulanda qadın azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərinə, anasının evinə köçdü. Artıq pensiya yaşına çatdıqda arvadımla Yevlax şəhərinə gələrək özümüzə məxsus evdə yaşamağa başladıq. Təxminən 2019-cu ilin martında Eldar xahiş etdi ki, Mehriban uşaqları ilə birlikdə Yevlax şəhərinə gəlib, bizimlə yaşasın. Buna etiraz etmədik.

Mehriban övladları ilə birlikdə bizə köçdü və qız nəvələrim oxumaq üçün Yevlax şəhər 7 saylı orta məktəbə düzəltdik. Bir müddət yaşadıqdan sonra Mehriban bildirdi ki, uşaqları ilə birlikdə Bakıya anası evinə gedəcək. Buna görə ona yol pulu verdim, yola saldım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2019-cu il noyabrın 28-də ona məlum olub ki, Mehriban polis şöbəsinə ərizə təqdim edib:

“Ərizədə bildirib ki, guya noyabrın 2-də yaşadıqları evdə nəvəm Xatuna qarşı əxlaqsız hərəkət etmişəm. Noyabrın 2-də nəvələrim Xatun və Xumar mənimlə bir evdə olsalar da, Xatuna qarşı heç bir əxlaqsız hərəkət etməmişəm. Mehriban uşaqları ilə birlikdə mənə məxsus evdə yaşasa da, həmin gün belə bir hadisənin olduğunu bildirməyib. Yalnız anasının evinə getdikdən sonra ərizə verib.

Mehribanın oğlumla münaqişədə olduğundan həm Xatun, həm Xumar onun tərəfindən öyrədilib. Mehriban bizdən Bakı şəhərində ev alınmasını tələb edib. Buna maddi imkanımız olmadığı üçün onun tələbini təmin etməmişik. Mehriban belə ərizə təqdim edib ki, ona ev alınmasına nail olsun. Bu müddət ərzində Mehribanla normal münasibətlər yaratmağa cəhd etsəm də, qarşıma yeni tələblər qoyub”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xatun qeyd edib ki, anası Mehriban, bacıları və qardaşı ilə birlikdə bir müddət Yevlax şəhərində babası Lətif və nənəsi Fidanla bir evdə yaşayıblar: “Babam Lətif mütəmadi olaraq araq içir, sərxoş olduğundan mənimlə münasibətləri pis olub. Babam həmişə bizimlə mübahisə edib, deyib ki, getsinlər atalarından araq almaq üçün pul alsınlar. Amma nənəm Fidanla münasibətimiz yaxşı olub”.

Xatun bildirib ki, 2019-cu il noyabrın 2-də şənbə günü olduğuna görə dərsə getməyib, evdə olublar: “Səhər saatlarında anam məni və bacılarımı babam Lətifin yanında qoyaraq bazara getdi. Babam həmin gün də sərxoş idi. Bacım Xumar mənim əlimə xına qoymağa başladı. Babam Lətif çarpayının üstündə oturdu və bizə dedi ki, gəlin yanımda oturun, görüm, xınanı əlinizə necə yaxırsız. Biz babamın yanına getdik. Babam məni qıdıqladı. Sonra dedi ki, gedin həyətdə yaxın xınanı. Biz də həyətə getdik.

Bir müddət sonra babam məni çağıraraq külqabını ona gətirməyimi istədi. Bacım Xumar getmək istədi. Babam dedi ki, yox, Xatun gətirsin kül qabını. Kül qabını götürərək babama apardım. Külqabını verəndə babam mənim sol əlimdən tutaraq özünə tərəf çəkdi, dodağımdan öpməyə başladı”.

Xatun deyib ki, daha sonra babası əlini onun maykasının içinə salaraq öncə sinə hissəsinə, sonra isə belinə sığal çəkib: “Onun əlindən çıxaraq qaçmaq istədim. Babam əlimdən tutub saxladı və hədələdi ki, əgər bunu anana desən, onu öldürəcək, bacılarımı və qardaşımı isə yetimlər evinə verəcək.

Baş verənlərdən çox qorxdum. Bacım Xumarın yanına qaçdım. Xumar əlimi tutaraq xına çəkmək istədi, əlimin titrədiyini gördü, niyə əsdiyimi soruşdu. Əvvəl ona heç nə bildirmədim. Sonra olanları tam danışdım. Bacımla belə qərara gəldik ki, anamıza bu barədə deməyək. Noyabrın 8-də anam bildirdi ki, şənbə və bazar günləri üçün Bakıya, nənəm Dilbərgilə gedəcəyik. Həmin günü Bakıya getdik. Bakıda olan zaman bacımla olan hadisəni ilk olaraq nənəm Dilbərə, daha sonra isə anama danışdıq”.

Cinayət işi üzrə şahid qismində ifadə verən azyaşlının anası Mehriban bildirib ki, 2007-ci ildə Eldarla nikaha daxil olub: “Bu nikahdan Xatun, Xumar, Lalə və Sadiq adlı uşaqlarımız doğuldu. Evləndikdən sonra bir müddət Rusiyada yaşadıq. Sonra ərimin xəyanəti nəticəsində münasibətlərimiz pozuldu. Uşaqlarımla birlikdə ilk olaraq Bakıya, sonra isə qayınatam Lətifin Yevlax şəhərində olan evinə köçdük, onlarla birlikdə yaşamağa başladıq.

Uşaqlar da Yevlax şəhərində olan məktəbə getdilər. Birlikdə yaşadığımız dövrdə qayınatam içki düşgünü olduğundan mütəmadi olaraq bizimlə mübahisə edib, dalaşıb. Bir dəfə böyük qızım Xumar dedi ki, sən hamamda olanda babam hamamda olan kiçik pəncərədən sənə baxırdı”.

Mehribanın sözlərinə görə, 2019-cu il noyabrın 8-də, həftənin cümə günü olduğundan, uşaqları məktəbə getməyə qoymayıb:

“Qarşıdan tətil günləri gəldiyindən Bakı şəhərində yaşayan anam Dilbərgilə getmək qərarına gəldik. Qayınanam mənə yol pulu verdi, uşaqları götürərək anam evinə getdim.

Noyabrın 9-da qızlarım Xumar və Xatun anam Dilbərə danışdılar ki, noyabrın 2-də, həftənin şənbə günü olduğuna görə evdə olublar. Səhər saatlarında Xumar Xatunun əlinə xına qoymağa başlayıb. Babaları Lətif əvvəl onları yanına çağıraraq Xatunu qucağına alıb, əlini onun qarın nahiyəsinə qoyaraq özünə tərəf çəkib, digər əli ilə kürəyini sığallayıb.

Sonra uşaqları həyətə çıxarıb. Daha sonra isə Xatuna müraciət edərək kül qabını ona gətirməsini istəyib. Xatunun əvəzinə Xumar kül qabını aparmaq istəsə də, Lətif təkidlə Xatunun kül qabını gətirməsini istəyib.

Xatun evin mətbəxində olan kül qabını babasına aparıb. Lətifə ona qarşı əxlaqsız hərəkətlər edib.

Lətif qızımı hədələdiyi üçün bu barədə həmin vaxt mənə bir söz deməyib. Onlar babalarından qorxublar. Bakıya gəldikdən sonra qızlarım bu barədə əvvəl anam Dilbərə, daha sonra isə mənə danışıblar”.

Mehriban deyib ki, bundan sonra uşaqların atası Eldara zəng edib, dərhal Azərbaycana gəlməsini, bu məsələni yola qoymasını tələb edib: “Eldar bildirdi ki, Azərbaycana gələcək və bütün məsələləri yoluna qoyacaq, bizə Bakı şəhərində ayrıca mənzil alacaq. Təxminən 20 gün gözlədim ki, Eldar gəlsin. Eldarın gəlməyəcəyini və bizə mənzil almayacağını anlayandan sonra polis şöbəsinə ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Yevlax rayon Məhkəməsində baxılıb.

Lətif qazancından 20 faizini dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.


Müəllif: Hacı Zeynalov