Bakının Səbail rayonunda 1993-cü il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində Məmmədə xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Fərid 20 mart 2021-ci ildə saat 20.00-da mübahisə zamanı Məmmədi bıçaqlayıb.
İstintaq orqanı Fərid barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, martın 20-də saat 11:00-da evə gələn anasının yükü ağır olduğundan ona köməyə gedib: “Həmin yol yoxuş olduğundan taksinin arxasında avtomobili ilə dayanan Məmməd maşından yüksək səslə taksi sürücüsünə irad bildirdi ki, avtomobili orada saxlamasın. Düşündüm ki, Məmməd söyüş söyə bilər. Anam da avtomobildə idi. Ona görə Məmmədə bir az yavaş danışmağı məsləhət bildim. Məmmədin iradıma görə acığı tutdu. Ona bildirdim ki, gözləsin, gəlirəm”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, anasını evə yola saldıqdan sonra həmin yerə qayıdıb: “Məmmədlə görüşdüm. O məndən bir qədər əvvəl nə dediyimi soruşdu. Biri-birimizin yaxasından tutduq, əlbəyaxa olduq. Bu o qədər də çox uzun çəkmədi, ətrafdakılar bizi aralaşdırdılar. Məmməd nəslimin ünvanına nalayiq sözlər dedi. Ona görə pis oldum, Məmmədə görüşəcəyimizi bildirdim.
Yenidən məhləyə getdim. Məmmədin də bir neçə tanışları ilə orada olduğunu gördüm. Həmin şəxslərə Məmmədlə söhbətim olduğunu dedim, Məmmədə birlikdə kənara çəkilməyimizi söylədim. Birlikdə həmin küçədə yerləşən 158 saylı evin qarşısına gəldik, orada söhbət edik.
Söhbət zamanı ona bildirdim ki, kişilər dalaşarlar da, döyülərlər də, döyərlər də, amma söyüş söymək olmaz. Bu sözü deyən kimi cibimdən bıçağı çıxardım, Məmmədin qarın nahiyəsinə bir dəfə vurdum. Bıçağın qarnına girdiyini hiss etdim. Bıçağı çıxardıqda Məmməd qışqırdı. Ona görə də Məmmədin yanında olan şəxslər bizə tərəf gəldilər”.
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, oradan uzaqlaşmaq istəyib: “Bu zaman məni arxadan kimsə tutdu. Kim olduğunu görməsəm də, ona narahat olmamağı, daha heç kimə xəsarət yetirməyəcəyimi bildirdim. Bundan sonra oradan uzaqlaşdım”.
Zərərçəkmiş qismində ifadə verən Məmmədin sözlərinə görə, martın 20-də avtomobillə yaşadığı məhləyə gələrkən başqa bir avtomobilin tanımadığı sürücüsünün idarə etdiyi maşını yolun yoxuş hissəsində düzgün saxlamadığını görüb, ona irad bildirib: “Sürücü əl işarəsi ilə mənə üzrxahlıq etdi və həmin yerdən uzaqlaşdı. Həmin vaxtı avtomobilə qonşuluqdan tanıdığım Fəridin anası əyləşdi.
Bu zaman Fərid qışqıra-qışqıra mənə yaxınlaşdı. Ona evə getməyi, sonra görüşərək söhbət etməyimizi dedim”.
Zərərçəkmişin sözlərinə görə, bundan sonra məhləyə çıxıb və uşaqlardan Fəridin harada olması barədə soruşub: “Az sonra Fərid yanıma gəldi. Ondan az əvvəl üstümə qışqırmasının səbəbini soruşdum. Aramızda sözlə mübahisə baş verdi. Fərid söyüş verdiyinə görə mən də ona söydüm. O mənimlə görüşəcəyini dedi, həmin yerdən uzaqlaşdı”.
Məmməd qeyd edib ki, həmin günü, saat 18.00-da tanışı Füzuli ilə birlikdə yaşadığı evə gəlib: “Birlikdə şam yeməyi yedikdən sonra saat 20.00-da birlikdə yaşadığım evdən çıxdıq, yaxınlıqdakı bayram tonqalının yanına gəldik. Orada əvvəldən tanıdığım Nicat və Bayram adlı oğlanlarla görüşdükdən sonra mənimlə mübahisə etmiş Fəridin yaşadığı məhləyə tərəf addımlamağa başladım.
Fəridin yaşadığı evin yaxınlığında əvvəldən tanıdığım Ağa da yanıma gəldi, birlikdə dayanaraq Fəridin gəlməsini gözləməyə başladıq. Az sonra Fərid gələrək mənimlə görüşdü. Füzuli bundan sonra Fəridə mənimlə barışmağı təklif etdi. Fəridsə mənimlə tək söhbət etmək istədiyini bildirdi.
Buna etiraz etmədim, birlikdə həmin yerdən bir qədər aralaşdıq, yaxınlıqdakı dalana keçdik. Həmin vaxtı yanmızda heç kim olmayıb. Əlimi Fəridə uzadaraq onu öpüb barışmaq istədiyimi dedim. Fərid qəflətən sağ əlində olan bıçaqla qarın nahiyəmə vurdu və “bu, söyüşə görə” sözlərini dedi. Qarnımda ağrı hiss etdim və ağrıdan qışqırdım.
Bu zaman Füzuli yaxınlaşaraq Fəridin əlidə olan bıçağı almaq istədi, bıçaq yerə düşdü. Füzuli mənə tibbi yardım göstərilməsi üçün xəstəxanaya apardı”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyada baxılıb.
Məmməd barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti təyin olunmaqla 6 il şərti cəza verilib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, cinayəti törətmiş Məmməd Vətən müharibəsinin iştirakçısı olub. Hökmdə qeyd olunub ki, o, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edib, şəxsi igidlik və şücaət nümayiş etdirib.
Bu səbəbdən Prezidentin sərəncamı ilə Xocavəndin azad edilməsinə görə medalı ilə təltif edilib.
Məmməd 30 oktyabr 2020-ci ildən, 11 noyabr 2020-ci ildək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib, yaralanıb.