Abşeron rayonunda 1983-cü il təvəllüdlü Təhməz şəxsi münasibətlər zəminində arvadı Nəcibəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 5-də Xırdalan şəhərində baş verib.
Təhməz həmin gün gecə saat 00.00-da yaşadığı evdə Nəcibəyə mübahisə zamanı yumruq və şillə ilə xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Təhməzin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təhməz ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nəcibə ilə 2005-ci ildə ailə həyatı qurub: "İki övladımız var. Ailədaxili münasibətlərimiz əvvəllər yaxşı olsa da, sonradan pisləşib. Buna səbəb Nəcibənin son zamanlar məni əsassız yerə qısqanmasıdır”.
Təhməz qeyd edib ki, oktyabrın 5-də, gecə yaşadıqları evdə olan zaman vatsapla iş yoldaşlarına mesaj yazıb: “Onlarla iş olarsa, mənə də xəbər etmələri barədə söhbət etmişik. Bu zaman Nəcibə yaxınlaşaraq ona xəyanət etdiyimi, qadınla danışdığımı dedi. Nəcibəyə belə bir şey olmadığını söylədim. Lakin mənə inanmadı. İş yoldaşlarımla danışdığımı sübut etmək üçün telefonumu Nəcibəyə göstərdim. Yenə də mənə inanmadı. Bundan əsəbiləşdim, aramızda mübahisə yarandı. Şillə ilə Nəcibənin sifət nahiyəsinə vurdum. Nəcibə də Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub şikayət etdi”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəcibənin sözlərinə görə, ailədaxili münasibətləri əvvəllər də yaxşı olmayıb: “Buna səbəb Təhməzlə xasiyyətlərimizin uyğun gəlməməsi və Təhməzin valideynlərinin ailə işimizə müdaxilə etməsidir. Həmçinin o, son zamanlar heç bir yerdə işləmir, ailəyə laqeyd münasibət göstərir”.
Nəcibə deyib ki, oktyabrın 4-də saat 21 radələrində Təhməz yaşadıqları evə gəlib və özü ilə gətirdiyi ərzağı yeməyə başlayıb: “Ona özünün yeyib-içdiyini, övladlarınıın isə ac olduğunu dedim, pul istdəim. Təhməz pul verməyəcəyini dedi. Mobil telefonunda olan sosial şəbəkədəki başqa şəxsə məxsus şəkili göstərdi, şəkilin mənə aid olduğunu dedi. Mənə əxlaqsız ifadələr deməklə, böhtan atdı. Mən isə şəkildəki şəxsin mənə aid olmadığını, bənzədiyini dedim. Təhməzə məni boşamağı bildirdim. O isə boşamayacağını bildirdi, mənə qarşı nalayiq ifadələr işlətdi.
Mübahisə zamanı yumruqla bir neçə dəfə baş, sifət və bədənimin müxtəlif nahiyələrinə zərbələr vurdu. Ona polisə məlumat verəcəyimi dedim. Bundan sonra Təhməz sakitləşdi”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Təhməzin barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.