Masallıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 21-də saat 20.00 radələrində Ələt-Astara magistralının rayonun Xıl kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Sərçuvar kənd sakini, 1988-ci il təvəllüdlü Əlizamin İnqilab oğlu Məmmədov idarə etdiyi “Ford” markalı, 44 BP 663 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyada, şəxsiyyəti hələlik məlum olmayan 28-30 yaşlarında qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Meyit müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb. Hadisəni törətmiş sürücü isə istintaqa cəlb olunub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.