2 Mart 2022 14:06
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda 1983-cü il təvəllüdlü Məhəmməd Rəhimov 1978-ci il təvəllüdlü tanışı Dadaş Həmzəyevi qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Məhəmməd 2021-ci ilin avqustun əvvəllərində narkotik vasitə əldə etmək üçün Nəsimi rayonununda “Kubinka” adlanan əraziyə gəlib və orada Dadaşla tanış olub.

Dadaşa narkotik gətirməsi üçün 21 manat verib. Narkotik gəlib çıxmayanda aldadıldığını başa düşüb. 13 avqust 2021-ci ildə saat 15 radələrində “Məşədi Dadaş” məscidinin yaxınlığında tanışı Dadaşa yaxınlaşıb, narkotik vasitə almaq üçün verdiyi pulu qaytarmağı tələb edib.

Onların arasında mübahisə yaranıb və Məhəmməd bıçaqla Dadaşın sol döş nahiyəsinə vurub. Dadaş aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd özünü qismən təqsirli bilib. O bildirib ki, Bakının NZS qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayıb: “2008-ci ildə Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci (quldurluq) maddələri ilə təqsirli bilinmişəm, 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm. 2015-ci ildə azadlığa buraxılmışam. Azadlığa çıxandan sonra müxtəlif yerlərdə fəhlə işləmişəm. 2015-ci ildən narkotik vasitədən istifadə etmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci il avqustun əvvəllərində narkotik əldə etmək üçün Kubinkaya gedib: “Daim gəzdirdiyim qara cib bıçağı yenə üzərimdə olub. Kubinkada adını dəqiq bilmədiyim dükanın qarşısında ağrılarım olduğu üçün dayandım. 10-15 dəqiqədən sonra adını sonradan bildiyim Dadaş adlı şəxs yaxınlaşdı, nə lazım olduğunu soruşdu. Ona narkotik vasitə kokos istədiyimi bildirdim. Buna görə də Dadaşa 13 manat verdim.

Dadaş mənə orada dayanaraq gözləməyimi bildirdi. Lakin narkotik vasitəni kimdən alacağı barədə heç nə demədi. Bir müddət gözləsəm də, Dadaş geri qayıtmadı. Onu axtardım, tapa bilmədiyimdən məcbur olaraq oradan getdim”.

Məhəmməd bildirib ki, avqustun 12-də həmkəndlisi olan Aydın adlı şəxs ona zəng edib: “Aydın “Ağ şəhər” adlanan yerdə tikinti aparıldığını, buna görə fəhlə lazım olduğunu bildirdi. Aydınla orada işləməyə razı oldum. Avqustun 13-də səhər saatlarında narkotik vasitə almaq üçün yenidən Kubinkaya getdim. Orada yenidən Dadaşla qarşılaşdım.

Əvvəl Dadaşdan verdiyim pulun müqabilində narkotik vasitəni niyə vermədiyini soruşdum. O, polislər tərəfindən tutulduğunu bildirdi. Həmin vaxt üzərimdə 8 manat vardı. Narkotikə ehtiyacım olduğunu Dadaşa söylədim və ona 8 manat verdim”.

Məhəmməd qeyd edib ki, həmin gün günorta saatlarına qədər Dadaşı narkotik gətirməsi üçün həmin ərazidə gözləyib: “Dostum Aydına zəng vuraraq Kubinkada olduğumu bildirdim. Aydını iş axtarmaq üçün olduğum yerə çağırdım. Təxminən saat 15 radələrində “Məşədi Dadaş” məscidinin yaxınlığında Dadaş adlı şəxsi gördüm və ona yaxınlaşdım.

Dadaşdan ya verdiyim pulu geri qaytarmasını, ya da narkotik vasitəni verməsini tələb etdim. Öncə pulu qaytaracağını söyləsə də, sonradan üzərində pul olmadığını dedi. Sonra yanımdan uzaqlaşdı. Dadaşın məni aldatdığını anladım. Cəzalandırmaq üçün cibimdə olan bıçağı çıxardım və onun üzərinə getdim. Dadaş əlimdəki bıçağı gördü. Özünü müdafiə etmək üçün əllərini qabağa versə də, bıçaqla ürək nahiyəsinə vurdum”.

Məhəmmədin sözlərinə görə, bundan sonra Dadaş ondan aralaşmağa başlayıb: “Həmin vaxt dostum Aydın artıq ora gəlmişdi. Dadaşı vurduqdan sonra Aydın bizi ayırdı. Dadaşı vurduğum üçün onu boynuma götürdüm, taksi taparaq xəstəxanaya aparmaqdan ötrü bir qədər irəlilədim. Dadaşın ürək nahiyəsindən qan axdığını görmədim. Ona cəmi bir dəfə bıçaqla xəsarət yetirmişəm. Başqa nə bıçaqla, nə də ki başqa alətlə vurmamışam.

Hadisə vaxtı küçədə dayanan nömrəsini dəqiq bilmədiyim “Toyota Prius” markalı taksiyə yaxınlaşdım. Adlarını orada eşitidiyim, tanımadığım Vasif və Jalə adlı şəxslər Dadaşı taksiyə əyləşdirməyə köməklik etdilər. Taksi sürücüsünə 1 saylı şəhər Kliniki Tibbi Mərkəzə sürməsini söylədim.

Taksi getdikdən sonra Aydınla birlikdə oradan uzaqlaşdım. Dadaşı vurduğum bıçağı özümlə birlikdə götürərək yaşadığım ünvana getdim. Bununla bağlı heç kimə məlumat vermədim”.

Təqsirləndirilən şəxs deyib ki, avqustun 14-də səhər saatlarında Nizami rayonu ərazisinə özünə iş axtarmağa gedib: “Müxtəlif tikinti şirkətlərinə yaxınlaşsam da, iş tapa bilmədim. Günorta saatlarına kimi iş axtardım. Sonra yaşadığım evə getdim. Qeyri-rəsmi nikah münasibətində yaşadığım Aygün adlı xanımın işlədiyi kafeyə baş çəkdim. Axşam saatlarına kimi orada oldum.

Bundan sonra polis əməkdaşları gələrək məni tutdular. Üzərimdə Dadaşı vurduğum cib bıçağını, “Nokia” markalı mobil telefonumu, şəxsiyyət vəsiqəmi, qara rəngli cib kitabçamı təhvil verdim. Tutulan zaman polis əməkdaşları mənə Dadaşın öldüyünü bildirdilər”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində qardaşı ifadə verib. O bildirib ki, qardaşı Dadaş 7 dəfəyə yaxın Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum edilib: “Sonuncu dəfə 2019-cu ildə azadlığa çıxmışdı. Dadaş həmin vaxt yaşadığımız mənzilə gəldi və mənzilimizin bank tərəfindən əlimizdən alındığını gördü. Sonra oradan getdi. Bundan sonra tüfeyli həyat tərzi yaşamağa başladı. Daha çox Qış parkının yaxınlığında yerləşən sinaqoqun yanında olurdu. Azadlığa çıxandan sonra da narkotik vasitədən istifadəyə davam edirdi”.

Dadaşın qardaşının sözlərinə görə, sonuncu dəfə 2021-ci ilin mayında Dadaşı əvvəllər yaşadıqları mənzilin yaxınlığında görüb: "Qardaşım mənə tüfeyli həyat tərzi sürdüyünü və çöllərdə yatdığını bildirdi. Daha qardaşımı görmədim. O, 2019-cu ildə azadlığa çıxdıqdan sonra telefon işlətməyib.

Avqustun 13-də əvvəl yaşadığım mənzildə qonşumuz olan Kamran zəng etdi və qardaşımın bıçaqlandığını, xəstəxanaya aparıldığını bildirdi. Əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzə getsəm də, qardaşımın oraya gətirilmədiyini bildirdilər. Sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına çatanda əvvəlki mənzildə qonşumuz olan Nazimi gördüm.

Nazim qardaşım Dadaşın bıçaqlandıqdan sonra müvəqqəti yaşadığı, adını dəqiq bilmədiyim xanımın yanına getdiyini, daha sonra isə Təcili Tibbi Yardım Stansiyasının köməyi ilə xəstəxanaya gətirildiyini bildirdi. O, Dadaşın kimdənsə narkotik vasitə aldığını, qarşılığında pulunu vermədiyini, həmin şəxs də onu bıçaqla öldürəcəyi ilə hədələdiyini dedi”.

Hüquqi varisinin sözlərinə görə, xəstəxanadan Dadaşın əməliyyatdan sonra öldüyünü bildiriblər.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhəmməd 17 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər