4 Mart 2022 16:24
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan 1982-ci il təvəllüdlü Fazilənin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Fazilənin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazilə ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Tərtər rayonu İsmayılbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “2002-ci ildə ailə həyatı qurmuşam. İki övladım olub, onlar azyaşlıdırlar. Lakin xasiyyətlərimiz uyğun gəlmədiyinə görə ərimdən 2015-ci ildə boşanmışam. Övladlarım hazırda mənim himayəmdədir.

Boşandıqdan sonra atamın Tərtər rayonu İsmayılbəyli kəndində yerləşən evində anam Zəncirə, atam Zahid, qardaşlarım Elvin, Elçin və iki azyaşlı övladım ilə birlikdə yaşayıram”.

Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar bildirib ki, 2020-ci ilin dekabrın 22-də anası özünü yaxşı hiss etməyib və anasını Mingəçevir şəhərində yerləşən xəstəxanaya aparıblar və həkim müayinəsindən keçiriblər: “Adını xatırlamadığım həkim bildirdi ki, anamda COVID-19 virusunun əlamətləri var və analiz vermək lazımdır. Əgər analizin cavabı müsbət olarsa, onu xəstəxanaya müalicə üçün yerləşdirmək lazımdır. Anamı Tərtər rayonuna gətirdik və oradan da təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərində A.Səhhət adına xəstəxanaya yerləşdirdik”.

Fazilənin sözlərinə görə, dekabrın 25-də bacıları Rövşanə, Arzu və ailə üzvlərinin hamısı Tərtər rayon mərkəzi xəstəxanasında test analizi veriblər: “Dekabrın 29-da saat 12 radələrində mobil nömrəmə COVID-19 virusuna yoluxmağımla bağlı mesaj gəldi. Mesajın mətnində yaşayış yerimi tərk etməməyim, əgər karantin rejimini pozaramsa, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyim qeyd edilmişdi.

Həmin günü mənə Tərtər rayon Mərkəzi Xəstəxanasından özünü sahə həkimi kimi təqdim edən Elman adlı şəxs zəng etdi, 14 gün ərzində yaşadığım yeri tərk etməməyim barədə təkrar-təkrar xəbərdarlıq etdi. Sahə həkimi immunitet gücləndirən dərmanlardan istifadə etməyimi məsləhət gördü.

Anam Zəncirə telefonda COVID-19 virusu ilə yanaşı şəkərli-diabet xəstəliyindən əziyyət çəkdiyi üçün xəstəxana yeməkləri yeyə bilmədiyini bildirdi. Bacılarım Arzu və Rövşanə ilə qərarlaşdırdıq ki, Gəncə şəhərinə anamızın yanına gedək. Özümü gümrah hiss etdiyim üçün virusa yoluxmağımla bağlı bacılarıma məlumat vermədim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, dekabrın 29-da saat 13 radələrində bacılarım Arzu və Rövşanə ilə birlikdə Tərtər rayonundan taksi ilə Gəncə şəhərinə doğru hərəkət ediblər:

“Gəncə şəhərinin girişində quraşdırılmış stasionar karantin postunda adını bilmədiyimiz polis əməkdaşları avtomobilimizin icazəsinin olub-olmaması ilə bağlı saxladılar. Sonra məni və bacılarımın ad-soyadlarını milli-axtarış portalına daxil etdilər. Polis əməkdaşları ad və soyadımı portala daxil etdikdən sonra aktiv COVID-19 virus daşıyıcısı olduğumu bildirdi və nə üçün yaşadığım ünvanı tərk etdiyimi soruşdular.

Sonra təcili yardım avtomobili məni Gəncə şəhər A.Səhhət adına xəstəxanaya apardı. Xəstəxanada həkimlər məni müayinə etdilər və səhhətimin normal olduğunu bildirdilər.

Həkimlər məni yaşadığım Tərtər rayonu İsmayılbəyli kəndinə yola saldılar,bir daha yaşadığım ünvanı tərk etməməyimi bildirdilər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin yanvarın 11-də onun mobil telefonuna “İTS.GOV.AZ”-dan yeni mesaj gəlib: “Mesajda qeyd edilirdi ki, özünütəcrid müddətim bitib. Təhsilli olmadığımdan bilmədən qeyd edilən cinayət əməlini törətmişəm. Hazırda əməlimdən çox peşmanam. Himayəmdə azyaşlı övladlarımın olmasını nəzərə alınmasını, məhkəmə tərəfindən ona cərimə növündə cəza təyin edilməsini xahiş edərəm”.

Bu cinayət işinə Gəncənin Kəpəz rayon Məhkəməsində baxılıb.

Hakim Rəşad Mustafayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Fazilə 2500 manat cərimə olunub.


Müəllif: Hacı Zeynalov