Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində lal-kar qohumunu öldürməkdə təqsirli bilinən Elşən Vəliədovun məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxs bu ilin fevralın 18-də Suraxanı rayonu, Bülbülə qəsəbəsində Gülnarə Ağayevanı boğaraq öldürüb. Bu barədə polisə qadının nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə məlumat verib. Eşitmə və görmə qüsurlu Gülnarə Ağayevanın meyitini nəvəsi yatdığı çarpayıda aşkarlayıb.
Belə ki, axşam evə gələn qız nənəsinin üzərində xəsarət izləri müəyyən edib, mənzilin isə qarət olunduğunu görüb. Səs-küy salaraq qonşuları köməyə çağırıb. Dərhal hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları və prokurorluq orqanları əməkdaşları gəliblər.
Ekspertlər və müstəntiqlər mənzili müayinə edərək əl-barmaq izlərini götürüblər. Sonra da meyitin üzərinə baxış keçiriblər. Gülnarə Ağayevanın boğazında boğulma izləri müəyyən edilib. Hüquq mühafizə orqanları araşdırmalardan sonra qadının boğularaq öldürüldüyünü istisna etməyiblər.
Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Qətldən 12 gün sonra polis cinayəti törədən Bülbülə qəsəbə sakini, 31 yaşlı Elşən Vəliədovu həbs edib. Onun üzərindən silah da aşkarlanıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elşən Vəlidov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov