5 May 2022 11:39
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadına qarşı xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Əhməd Hüseynov bu ilin fevralında ictimai qaydanı kobud surətdə pozaraq xuliqanlıq hərəkətləri törədib.

Qadınlara küçədə şillə vuraraq qaçan Əhməd Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Əhməd Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Yasamal rayonu A.M.Şərifzadə küçəsində anası və bacısı ilə bir yerdə yaşayır, atası uşaq vaxtlarından onları ataraq gedib: “İqtisad Universitetinin Texnologiya dizaynı fakültəsini 2010-2014-cü ildə bitirmişəm. 2014-2015-ci illərdə hərbi xidmət keçmişəm. Evimizin yanında olan “Viva” şirniyyat evində işləyib, anama və bacıma baxmışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu ilin fevralın 5-də 14 radələrində Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Bravo” marketə bazarlıq etmək üçün gedən zaman metronun “İnşaatçılar” stansiyasının qarşısında tanımadığı bir nəfər qızın yol getdiyini görüb: “Qızın yanından keçən zaman əlimi cibimdən çıxardım, zarafat edən şəxs kimi təsadüfən üzündən şillə ilə vurdum. Heç nə olmamış kimi hərəkət etdim, yoluma davam etdim. Bu vaxt mənim hərəkətimə ətrafdan keçənlər təəcübblə baxsalar da, özümü bilməməzliyə və görməməzliyə qoydum. Yoluma davam etdim”.

Əhmədin ifadəsinə görə, həmin gün etdiyi hərəkətlərin mahiyyətini dərk edib və düz hərəkət etmədiyini başa düşüb: “Nədənsə həmin hərəkətləri etmək içimdən gəldiyi üçün bunu etdim. Həmçinin həmin gün televizorda göstərilən şou proqramda olduğu kimi insanlarla zarafat edən şəxslər kimi hərəkət etmişəm. Sonradan adını bildiyim Yasmin adlı xanıma qarşı etdiyim hərəkət bir neçə saniyə ərzində baş verib. Bu hərəkətləri heç kimə qarşı etməmişəm. Yasmini daha öncədən tanımamışam. Həmin xanımı 29-cu polis şöbəsində görəndən sonra bilmişəm ki, adı Yasmindir”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Yasmin bildirib ki, 52 nömrəli orta məktəbin 11 A sinfində təhsil alıb: “Hadisə gün şənbə olduğu üçün dərsim yox idi. Saat 14 radələrində Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən telefon qovşağına yaxın yerdə repititorluq fəaliyyəti ilə məşğul olan müəllimim Təranə müəllimin evindən çıxdım və metronun “İnşaatçılar” stansiyası istiqamətində hərəkətə başladım.

Bu vaxt metronun qarşısında küçə söyüşləri söyərək mənimlə üzbəüz gələn, sonradan adını və anket məlumatlarını 29-cu polis şöbəsində bildiyim Əhməd adlı şəxs üzümdən şillə ilə vuraraq keçdi. Həmin vaxt nə baş verdiyini, nə üçün həmin şəxsin məni vurduğunu başa düşmədim. Bu zaman başım hərləndi və özümü yaxşı hiss etmədim.

Üzümdən vuran Əhməd mənə yaxınlaşan zaman əli cibində olub, yanıma çatanda əlini cibindən çıxardı və üzümdən əlinin içi ilə vurdu. Onun əlinin içində nə isə açara bənzər, ya da başqa bir şey ola biləcək dəmir parçasının ağzıma dəydiyini hiss etdim. Başıma gələnləri evə gedərək atama danışdım. Atam Daxili İşlər Nazirliyinin 102 xidmətinə baş verən hadisə barədə məlumat verdi”.

Yasamal rayon Məhkəməsində hakimi Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə hökm elan olunub.

Əhməd Hüseynov 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər