Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Növbəti proses mayın 13-nə təyin edilib.
İttihama görə, bu ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılıb.
Qısa müddətdə heykəlin qoparılan elementi (təsbeh) heykəltəraşın iştirakı ilə bərpa edilib.
Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - 1991-ci il təvəllüdlü V.Tağızadə, 1996-cı il təvəllüdlü A.Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə ittiham elan edilib.