13 İyul 2022 14:01
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda 1974-cü il təvəllüdlü Qılman Mustafayev həmyerlisi, 1983-cü il təvəllüdlü Elvin İsmayılovu qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 22-də Göyçay rayonu Bəydövil kəndində baş verib.

Elvin İsmayılov həmkəndlisi Qılman Mustafayev ilə kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elvin İsmayılovu bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən Qılmanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah saxlama) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Qılman özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, Elvini həmkəndlisi kimi tanıyıb: “Aramızda hər hansı düşmənçilik və ədavət olmayıb. Yaşadığım kənddə kənd təsərrüfatı ilə məşğul olmuşam. Elvin isə rayon ərazisində özünə məxsus ekskavator ilə fərdi işlərlə məşğul olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, məlum qətl hadisəsindən bir neçə gün əvvəl qonşuları olan Əlimusanın qızının toy mərasimində iştirak edib: “Elvinlə ayrı-ayrı masalarda oturmuşuq. Toyun yekununda həmkəndlilərimiz olan bir neçə nəfərlə toy çadırının axırında oturduq. Həmin vaxt Elvin kənd cavanları ilə rəqs etdikdən sonra gələrək bizimlə eyni stolda oturdu. Elvin mənə də spirtli içki içməyi təklif etdi. Elvinə içki içmək istəmədiyimi, namaz qılmaq fikrim olduğunu dedim. Bu zaman Elvin “fırıldaqçıların hamısının axırı namaz qılan olur” dedi. Elvinə nə fırıldağımın olduğunu soruşdum. Elvin dedi ki, sən mənlə işi danışdın, lakin həmin işi başqasına gördürdün. Həmin gündən təxminən 20 gün əvvəl özümə məxsus torpaq sahəsinin kol-kosdan təmizlənməsi və nahamar yerlərin düzləşdirilməsi üçün Elvinə müraciət etmişdim. Elvin isə həmin işi görmək üçün məndən 230 manat istədi. Elvinə götür-qoy etdikdən sonra məlumat verəcəyimi dedim. Maddi imkanım çatmadığı üçün həmin gün Elvinə zəng edərək dediyim işləri gördürə bilməyəcəyimi söylədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu söhbətdən təxminən 3-4 gün sonra digər qonşusu Rüstəm ilə təsadüfi olaraq görüşüb: “Rüstəm torpağını kol-kosdan nə üçün təmizlətmədiyimi soruşdu. Rüstəmə təmizlik işləri etmək istədiyimi, lakin maddi imkanım çatmadığını dedim. Rüstəmin özünün də ekskovatoru olduğu üçün yanacağın pulunu versəm, həmin işləri görə biləcəyini dedi. Rüstəmə həmin işi görməsini və onunla razılaşacağımı dedim. Bundan sonra Rüstəm torpaq sahəsində təmizlik işlərini apardı. Buna görə ona 170 manat verdim. Elvin həmin işləri görmək üçün torpaq sahəsində olan ağacları kəsməyini demişdi. Lakin Rüstəm həmin işlərin hamısını ekskavatorla özü etdi. Elvinə həmin işi onunla da, Rüstəmlə də danışdığımı bildirdim. Həmin işi baha etdiyini, Rüstəmin 150 manata həmin işi gördüyümü dedim. Bu zaman Elvin “mən kişi oğluyam, sənin kimi fahişə oğlu deyiləm” dedi. Elvinin bu sözü mənə pis təsir etsə də, lakin toy olduğu üçün kiminsə xeyir işinə söz-söhbət salmaq istəmədim. Bir qədər səbirli olmağa çalışdım”.

Qılman qeyd edib ki, həmin vaxt Elvinin dostu Rusif də gəlib və Elvini oradan uzaqlaşdırıb: “Həmin vaxt Elvinə heç bir şey deməsəm də, onun bu sözü mənə çox pis təsir etdi. Noyabrın 22-də, saat 17 radələrində özümə məxsus “Opel” markalı avtomobillə kənd ərazisində olan su təmizləyici qurğunun və su bulağının yanından keçərkən Elvini orada gördüm. Elvin məni gördükdən sonra əl işarəsi etdim. Elvinin toydakı hərəkətinə görə üzr istəyəcəyini fikirləşdim. Avtomobili saxlayaraq ona yaxınlaşdım. Həmin vaxt Elvin su təmizləyici qurğunun yanında, həmkəndlilərimiz olan iki nəfər isə su təmizləyici qurğudan bir qədər aralıda olan çayxananın qarşısında olublar. Elvinə yaxınlaşaraq salamlaşdım. Sonra Elvin mənə “salam kişicik” dedi. Yenidən Elvinin məni təhqir etdiyini gördüm. Ona deyəsən ayılmadığını, həmçinin, “adam kişi olar, utanmırsan, toyda nə üçün elə hərəkət etdin” dedim. Bu zaman Elvin yaxşı etdiyini bildirdi, sonra məni təhqir etdi. Mənə qarşı “var-yox” söyüşü işlətdi, məni təpiklə vurdu. Bu zaman əsəbiləşdiyim üçün üzərimdə olan bıçaqla Elvinə xəsarət yetirdim. Əsəbi olduğumdan neçə dəfə və hansı nahiyyəsindən bıçaqla vurduğumu bilmədim. Bundan sonra bir qədər sakitləşdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Elvin isə yolu keçərək evinə tərəf getmək istəsə də, amma gedə bilməyib və yerə yıxılıb: “Bu zaman Elvini orada olan həmkəndilimlə birlikdə avtomobilimə qoydum, xəstəxanaya apardım. Yolda qardaşım Zahirə zəng etdim, hadisə barədə məlumat verərək xəstəxanaya gəlməsini dedim. Xəstəxanaya çatdıqda Elvini avtomobildən düşürdük, xəstəxananın qəbul şöbəsinə verdik. Həmin vaxt qardaşım Zahir də xəstəxanaya çatdı. Elvini xəstəxanaya verdikdən sonra oradan uzaqlaşdım və rayon polis şöbəsinə gedərək təslim oldum”.

Qılman 17 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov