Şəmkir və Neftçalada vəzifəli şəxslər barəsində cinayət işi açılıb, bir nəfər həbs edilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, baş verən iqlim dəyişiklərinə baxmayaraq, ölkəmizdə su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mütərəqqi dövlət siyasəti nəticəsində ekoloji tələblərə uyğun müasir su infrastrukturu formalaşdırılmış, əhalinin suya olan tələbatı ən etibarlı şəkildə təmin olunmuşdur.
Prokurorluq orqanları tərəfindən sudan istifadəyə dair qanunvericiliyinin tələblərinə əməl edilməsi daim diqqətdə saxlanılmaqla, bu sahədə qanunsuz hərəkətlərə yol verən, habelə yaradılmış şəffaf istehlak mühitindən sui-istifadə edən vəzifəli şəxslərə qarşı effektiv mübarizə tədbirləri aparılmaqdadır.
Həyata keçirilmiş belə tədbirlərin davamı kimi bu sahədə ayrı-ayrı regionlardan Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciətlərinin əlaqəli şəkildə təhlili nəticəsində müəyyən edilmiş qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.
Keçirilmiş tədbirlərlə Şəmkir rayon icra hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi -“Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə heyətinin sədri Abbasov Elçin İsmayıl oğlunun 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilən hallarla bağlı cinayət işi başlanmaqla toplanmış ilkin sübutlar əsasında Elçin Abbasova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Bundan başqa, eyni xarakterli əməllərə görə torpaq istifadəçilərindən pul vəsaitinin alınması və təsərrüfatlara ziyan vurulması xüsusatları üzrə Neftçala rayon “Bərəkət”, “Qaravəlli” və digər sudan istifadəedənlər birliklərinin, habelə Neftçala Suvarma Sistemləri idarəsinin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanmışdır.
Hazırda hər iki cinayət işi üzrə təqsirləndirilən şəxslərin, onların əlbir olduğu digər şəxslərin və zərərçəkmişlərin dəqiq dairəsinin, habelə təsərrüfatlara vurulmuş ziyan məbləğinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.